Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasında (WUF13) Belarusun Yeni Şəhər Gündəliyinin əsas məqsədləri açıqlanıb.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko bildirib.
“İlk növbədə, Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə və bu Forumun bütün təşkilatçılarına yüksək səviyyəli hazırlığa və ənənəvi səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Forumumuzun mövzusunda “sülh” və “təhlükəsizlik” sözləri yer alır. Bu gün bu mövzu hər zamankından daha vacibdir. Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, sülh olmadan dayanıqlı inkişaf mümkün deyil. Belarus qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sülhpərvər xarici siyasət yürüdür. Bu əməkdaşlıq infrastruktur tikintisi və urban inkişaf sahələrini də əhatə edir. Belə tərəfdaşlığın parlaq nümunələrindən biri Azərbaycan Respublikasının Ağdam rayonunda aqroşəhərciyin yaradılması üzrə Belarus-Azərbaycan birgə layihəsidir. Bu layihənin ideyası ölkələrimizin liderlərinə məxsusdur və əminəm ki, onun həyata keçirilməsi bir çox azərbaycanlının yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək. Belarus insan inkişafı sahəsində öz təcrübəsini və imkanlarını bölüşməyə hazırdır” , - İqor Sergeyenko qeyd edib.
Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri qeyd edib ki, ölkəsi qlobal urbanizasiya tendensiyalarını fəal şəkildə dəstəkləyir: “Biz Yeni Şəhər Gündəliyini rəhbər tuturuq. 2025-ci ildə Belarus Respublikasının 2040-cı ilədək Milli Dayanıqlı İnkişaf Strategiyası qəbul olunub. Bu sənəddə əsas istiqamətlərdən biri mənzil tikintisinə həsr edilib. Məqsədimiz sadə və konkretdir, hər bir vətəndaş müasir standartlara uyğun, keyfiyyətli və əlçatan mənzillə təmin olunmalıdır. Gələcək enerji qənaət edən texnologiyalara, bərpa olunan enerji mənbələrinin geniş istifadəsinə və ekoloji cəhətdən təhlükəsiz tikinti sistemlərinə məxsusdur. Biz adi binalardan “ağıllı” yaşayış məhəllələrinə keçid edirik. Hazırkı sessiya Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin 10 illiyi ilə üst-üstə düşür. Bu dövr optimal urban inkişaf modelinin axtarışı mərhələsi olub. Bu gün isə əsas prioritetlər üzrə əldə olunan nailiyyətləri möhkəmləndirmək lazımdır. Belarus səmimi dialoqa və mənalı tərəfdaşlığa açıqdır və müasir urban inkişaf çağırışlarının həlli üçün sizinlə birlikdə çalışmağa hazırdır. Yalnız birgə səylərlə bu problemlərin həllinə nail olmaq mümkündür”.