ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Dövlət Gömrük Komitəsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi ilə bağlı elmi-praktik təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü komitənin müxtəlif şöbə və idarələrindən olan əməkdaşları qarşısında “Rəsmi yazışmalarda Azərbaycan dili” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırladıb.
Təlimçi tərəfindən dilin qrammatik qaydaları, rəsmi yazışmalarda üslub və ifadə tərzi, eləcə də gündəlik iş prosesində dilin səmərəli istifadəsi mövzuları ətraflı şəkildə izah olunub. Təranə Şükürlü bildirib ki, rəsmi yazışmalar hər bir dövlət qurumunun fəaliyyətində mühüm yer tutur. Rəsmi yazışma, ilk növbədə, dəqiq, qısa və anlaşıqlı olmalıdır. Dövlət qurumlarında hazırlanan sənədlər yalnız məlumat vermir, eyni zamanda, qurumun peşəkarlığını və nüfuzunu nümayiş etdirir.
O vurğulayıb ki, peşəkar kommunikasiya yalnız danışmaq deyil, həm də qarşı tərəfə hörmətlə yanaşmaq, fikri aydın ifadə etmək və dövlət qurumunun nüfuzunu artırmaq deməkdir. Düzgün seçilmiş söz, səlis nitq və ədəbi dil normalarına əməl olunması hər bir əməkdaşın peşəkarlığını göstərir.
Sonda Dövlət Gömrük Komitəsinin nümayəndələri bildiriblər ki, belə təlimlər əməkdaşların peşəkarlığının artırılması və dövlət orqanlarında informasiya mübadiləsinin daha səmərəli aparılması baxımından böyük əhəmiyyət kəsb edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.