İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sıfırdan aparılır və bu, yaşayış məntəqələrinin düzgün planlaşdırılmasına imkan yaradır. Bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, mənzil siyasətində sosial və iqtisadi funksiyalar bir-birindən ayrılmamalıdır.
“Mənzil yalnız sosial hüquq və fiziki sığınacaq deyil, həm də iqtisadi fəaliyyətin mühüm hərəkətverici qüvvəsidir. Sosial inklüzivlik olmadan dayanıqlı inkişaf, iqtisadi imkanlar olmadan isə uğurlu məskunlaşma mümkün deyil”, - Hacıyev bildirib.
O qeyd edib ki, postmünaqişə şəraitində evlərin tikilməsi insanların geri qayıdışının ilk görünən əlaməti və bərpanın əsasını təşkil edir.
Hacıyevin sözlərinə görə, azad edilmiş ərazilərdə “ağıllı kənd” və şəhər layihələri həm sosial, həm də iqtisadi inkişaf prinsipləri əsasında qurulur.
Yeni kəndlər əsas yolların yaxınlığında salınır, məktəb, səhiyyə, xidmət və texnoloji infrastrukturla təmin edilir.
O əlavə edib ki, evlərdə günəş panellərinin quraşdırılması sakinlərin kommunal xərclərini azaldacaq, kəndlərdə velosiped yolları isə məktəb və digər obyektlərə çıxışı asanlaşdıracaq.
Hacıyev bildirib ki, davamlı məskunlaşma üçün iş yerlərinin yaradılması vacibdir və hökumət bu məqsədlə yeni yaşayış məntəqələri ətrafında iqtisadi təşviqlər və azad iqtisadi zonalar formalaşdırmağa çalışır.
Gülnar Nazimqızı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta