AZ

Qlobal şəhərsalma marafonunun 13 cü ünvanı Bakıdır

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ümumdünya Forumunun yaranması və inkişaf mərhələləri

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-Habitat) 2001-ci ildə təsis etdiyi Ümumdünya Şəhərsalma Forumunun (WUF) ilk konfransı 2002-ci ilin aprel-may aylarında Keniyanın paytaxtı Nayrobidə keçirilib. BMT-nin qlobal urbanizasiya problemlərinə və dayanıqlı inkişafa həsr olunan bu ən nüfuzlu toplantı sonrakı vaxtlarda Barselona (İspaniya), Vankuver (Kanada), Nankin (Çin), Rio-de-Janeyro (Braziliya), Neapol (İtaliya), Medellin (Kolumbiya), Kuala-Lumpur (Malayziya), Əbu-Dabi (BƏƏ), Katovitse (Polşa) və Qahirə (Misir) şəhərlərində təşkil olunub.

Dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlıq

Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək BMT-yə üzv dövlətlərin əsas hədəfinə çevrilib. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan UN-Habitat Proqramı ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərib. İşğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işlərinin BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilməsi də sözügedən strategiyanın diqqət mərkəzində saxlanılmasını şərtləndirib.

Prezident İlham Əliyevin BMT-nin UN-Habitat Proqramına vəsait ayrılması haqqında 30 sentyabr 2023-cü il tarixli sərəncamı da mövcud sahədə beynəlxalq siyasətin formalaşdırılmasına mühüm töhfə verib. Bu sənəd, eyni zamanda, hazırda Bakıda keçirilən WUF-un 13-cü Sessiyasında dayanıqlı şəhərsalma ilə bağlı qlobal məsələlərin müzakirəsi və yerli icmaların fikirlərinin nəzərə alınması üçün geniş imkanlar yaradıb.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq konfransın məhz respublikamızda reallaşdırılması ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi, qlobal proseslərdə fəal iştirak etməsi və xüsusilə şəhərsalmanın inkişafı ilə bağlı siyasətin diqqət mərkəzində saxlanılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, forumun regionda ilk dəfə olaraq Azərbaycanda gerçəkləşdirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun bariz ifadəsidir.

Xatırladaq ki, şəhərlərin davamlı inkişafını əlaqələndirən əsas beynəlxalq platforma olan UN-Habitat BMT sistemində şəhərsalma və yaşayış məskənlərinin inkişafı sahəsində əlaqələndirici mərkəz funksiyasını yerinə yetirir. Təşkilat BMT Baş Assambleyasının 1977-ci il 19 dekabr tarixli qətnaməsi əsasında fəaliyyət göstərir. Baş Assambleyanın 2001-ci il 21 dekabr tarixli qətnaməsi ilə bu qurumun institusional statusu genişləndirilərək proqrama çevrilməsi isə dünyada sosial və ekoloji baxımdan dayanıqlı yaşayış məskənlərinin yaradılması, yoxsulluğun, ayrı-seçkiliyin və bərabərsizliyin azaldılması üçün təhlükəsiz şəhərlərin qurulmasını qarşıya önəmli vəzifə kimi qoyur.

WUF dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə bu forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra adıçəkilən nüfuzlu qurumun ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır. Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər və digər aktual məsələlər əsas müzakirə mövzusuna çevrilir.

BMT-nin UN-Habitat Proqramı ilə respublikamız arasında əməkdaşlıq xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın düşməndən təmizlənən Qarabağ bölgəsinə səfər edən BMT-nin ilk yüksəksəviyyəli nümayəndəsi xanım Maimuna Mohd Şərif ölkəmizin postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və şəhərsalma fəaliyyətini yüksək qiymətləndirib.

Onu da xatırladaq ki, Azərbaycanın son illər UN-Habitat Proqramı çərçivəsində bir sıra mühüm təşəbbüsləri – 2022-ci ildə Bakı və Ağdam şəhərlərində 1-ci, 2023-cü ildə Bakıda və Zəngilanda 2-ci, 2025-ci ildə isə Xankəndi və Bakı şəhərlərində 3-cü milli şəhərsalma forumlarını və Ümumdünya Məskunlaşma Gününü həyata keçirməsi respublikamızı şəhərsalma sahəsində topladığı təcrübənin, tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin beynəlxalq platformasına çevirib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq platforma kimi yüksək qiymətləndirilib.

Azərbaycan hazırda UN-Habitat Proqramı ilə birgə geniş fəaliyyət strategiyasını – “ağıllı şəhər” konsepsiyasını gerçəkləşdirir. Yeri gəlmişkən, UN-Habitat Assambleyasının 2023-cü il iyunun 5-8-də keçirilən ikinci sessiyasında “BMT-nin “ağıllı şəhər”lər üzrə beynəlxalq təlimat” sənədinin hazırlanması ilə bağlı qəbul edilən qətnamə də qarşıya qoyulan vəzifənin sürətlə reallaşmasına mühüm təsir göstərir.

Qeyd edək ki, adıçəkilən təlimatın hazırlanması məqsədilə yaradılan beynəlxalq ekspertlər qrupuna 24 ölkədən daxil edilən 31 ekspertin ikisi Azərbaycan təmsilçisi – biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, digəri isə ADA Universitetinin professoru olub. Həmin beynəlxalq sənədin layihəsi artıq Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən UN-Habitat Assambleyasının iclasında üzv dövlətlərə təqdim edilib. Belə bir fakt isə Azərbaycanın qlobal şəhərsalma siyasətinin formalaşdırılmasında fəal iştirakı kimi qiymətləndirilib.

Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində artan rolunun daha bir mühüm göstəricisi ölkəmizin 2025-ci ilin may ayında ilk dəfə UN-Habitat-ın İcraiyyə Şurasına üzv seçilməsi olub. 2025-2029-cu illəri əhatə edən bu üzvlük sayəsində respublikamızın beynəlxalq şəhərsalma siyasətinin formalaşdırılmasında və dayanıqlı inkişaf üzrə qlobal qərarların qəbulunda daha fəal iştirak imkanı yaradılıb. UN-Habitat-ın ali orqanı olan BMT Məskunlaşma Assambleyasının sessiyalararası dövrdə fəaliyyət göstərən əsas qərarverici qurumu sayılan İcraiyyə Şurasında Azərbaycanın təmsil olunması isə beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən yüksək etimadın və artan nüfuzun mühüm göstəricisi kimi dəyərləndirilib.

Bakı təsadüfi seçilməyib

Ötən il oktyabrın 23-də UN-Habitatın Keniyanın Nayrobidə şəhərində yerləşən qərargahında “Hər kəs üçün münasib mənzil” qətnaməsi əsasında yaradılan Açıq Hökumətlərarası İşçi Qrupun ikinci sessiyası keçirilib. Sessiya çərçivəsində ölkəmiz həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub.

Açıq Hökumətlərarası İşçi Qrup təhlükəsiz, dayanıqlı və əlçatan mənzil siyasətinin qlobal səviyyədə təşviqi məqsədilə fəaliyyət göstərir. Qrup, eyni zamanda, UN-Habitat Assambleyasının katibliyi funksiyasını yerinə yetirir, tövsiyələr hazırlayır və üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsini gerçəkləşdirir. Azərbaycanın bu platformada həmsədr seçilməsi isə ölkəmizin dayanıqlı şəhərsalma və sosial inkişaf sahəsində qazandığı nüfuzun növbəti göstəricisidir.

Müasir dövrdə şəhərsalma və ətraf mühit gündəlikləri bir-biri ilə sıx bağlı olduğundan, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, eləcə də bu istiqamətdə dayanıqlı inkişaf məsələləri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu səbəbdən COP platformalarında şəhərsalma mövzularına maraq və diqqət ildən-ilə güclənib, həm mərkəzi, həm də yerli hökumətlərdə bu sahədə əməkdaşlığa diqqət artırılıb.

Məhz bu yanaşmanın nəticəsidir ki, UN-Habitatın təşəbbüsü ilə artıq bir neçə ildir ki, COP çərçivəsində xüsusi “Şəhərsalma günü” fəaliyyətə başlayıb. Bu istiqamətdə ilk yüksək səviyyəli nazirlər görüşü COP27 çərçivəsində Misirin Şarm əl-Şeyx şəhərində keçirilib və toplantıda şəhərsalma ilə iqlim siyasətinin əlaqələndirilməsi məsələləri geniş müzakirə olunub. Belə bir əməkdaşlıq xətti COP29 zamanı da davam etdirilib. Azərbaycan tərəfi və UN-Habitat Proqramı rəhbərliyinin tərəfdaşlığı ilə 2024-cü il noyabrın 20-də şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr olunmuş nazirlər görüşü reallaşdırılıb.

Yeri gəlmişkən, 2023-cü il dekabrın

22-də Azərbaycan Hökuməti ilə BMT arasında Bakının 2026-cı ildə WUF13-ə ev sahibliyi etməsinə dair saziş imzalanıb. Bu qərar Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və şəhərsalma sahəsində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti təsdiqi kimi dəyərləndirilib.

Azərbaycan artıq COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. Belə tədbirlərin ardıcıl olaraq ölkəmizdə keçirilməsi respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkili sahəsində böyük təcrübəyə malik Azərbaycan bu gün WUF13-ü də ən yüksək səviyyədə gerçəkləşdirir.

Emin QƏRİBLİ,Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat kafedrasının dosenti, fəlsəfə doktoru

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi urbanizasiya, davamlı inkişaf və şəhərlərin rəqəmsal transformasiyası ilə bağlı qlobal problemlərin müzakirəsi üçün əlamətdar tarixi hadisədir. Belə bir miqyaslı beynəlxalq toplantının gerçəkləşdirilməsi Azərbaycanın qlobal səviyyədə mövqeyini gücləndirir və mövcud qlobal proseslərin müzakirəsi üçün platforma kimi ölkəmizə marağı artırır.

Bu gün dünya yeni sənaye inqilabına mühüm keçid dövrünü yaşayır. Rəqəmsallaşma prosesləri sürətlə inkişaf edir, süni intellekt texnologiyaları tətbiq olunur. Bu fonda müasir şəhərsalma və dayanıqlı inkişaf məsələləri xüsusilə aktuallaşır. Eyni zamanda dünyanın bir çox şəhər və yaşayış yerləri artıq müasir tələblərə cavab vermir və bu da şəhər mühitinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması kimi məsələləri ön plana çıxarır.

Xatırladım ki, ölkəmizdə şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ötən müddətdə paytaxt Bakı və ölkənin digər şəhərlərində bu istiqamətdə ardıcıl və məqsədyönlü layihələrin həyata keçirilməsinə daha çox önəm verilib, şəhərsalma sahəsində müasir standartların tətbiqi diqqətdə saxlanılıb.

Bu gün Azərbaycanın şəhərsalma sahəsində ən diqqətçəkən layihələri işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılır. Həmin ərazilərdə həcminə, keyfiyyətinə və icra sürətinə görə dünya miqyasında presedentsiz hesab olunan kompleks yenidənqurma işləri gerçəkləşdirilir və bununla da dünyaya regionda dayanıqlı şəhərsalma mədəniyyətinin yeni nümunələri təqdim edilir.

Beləliklə, hazırda Bakı təkcə növbəti beynəlxalq tədbirə ev sahibliyi etmir, həm də qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformasına çevrilir. WUF13 çərçivəsində dayanıqlı şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, inklüziv və təhlükəsiz urbanizasiya, müasir şəhər idarəçiliyi, eləcə də yaşayış məskənlərinin inkişafı kimi mühüm mövzular geniş şəkildə müzakirə olunur. Bu müzakirələrlə qlobal şəhərsalma siyasətinin yeni istiqamətlərinin formalaşması daha da sürətlənir. Bu sessiya, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm önəm daşıyır.

Vaqif BAYRAMOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
3
xalqqazeti.az

10Mənbələr