AZ

Qarabağa gedən yol bu rayonlarda torpağı BAHALAŞDIRDI

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər yolunun istifadəyə verilməsi və Qarabağ istiqamətində aparılan genişmiqyaslı yenidənqurma işləri Füzuli, İmişli və Beyləqan rayonlarında torpaq bazarına ciddi təsir göstərib.

Milli.Az-ın araşdırmasına görə, əvvəllər əsasən kənd təsərrüfatı üçün istifadə olunan ərazilərə indi həm fərdi yaşayış, həm də kommersiya məqsədilə maraq artıb.

Ən böyük qiymət artımı Füzuli rayonu istiqamətində müşahidə olunur. 2020-ci ildən əvvəl magistral yola yaxın kəndlərdə bir sot torpağın qiyməti orta hesabla 300-800 manat arasında dəyişirdisə, hazırda həmin ərazilərdə qiymətlər 1500-4000 manata qədər yüksəlib. Xüsusilə yol kənarında yerləşən və sənədli torpaqlara tələb daha çoxdur. Bəzi ərazilərdə qiymət artımı 4-5 dəfə qeydə alınıb.

İmişli rayonunda isə əvvəllər kənd təsərrüfatı torpaqları əsasən ucuz hesab olunurdu. 2019-2020-ci illərdə magistral yola yaxın ərazilərdə bir sot üçün qiymətlər 500-1200 manat civarında idi. Hazırda isə həmin torpaqların qiyməti 2000-5000 manat arasında dəyişir. Əmlak bazarında çalışan şəxslər bildirirlər ki, bölgədə logistika və anbar layihələrinə marağın artması qiymətləri sürətlə yüksəldib.

Beyləqan rayonunda da oxşar vəziyyət müşahidə edilir. Əvvəllər bir sot torpaq bəzi kəndlərdə 400-700 manata təklif olunurdusa, indi əsas yol xəttinə yaxın ərazilərdə qiymətlər 1800-3500 manata qədər çatır. Xüsusilə Zəfər yoluna yaxın kəndlərdə alqı-satqı aktivləşib.

Ekspertlər hesab edir ki, bölgədə yeni yaşayış məntəqələrinin salınması, kənd təsərrüfatı və sənaye layihələrinin genişlənməsi torpaq bazarına əlavə təsir göstərir. Bundan başqa, Qarabağa gedən əsas nəqliyyat marşrutlarından birinin məhz bu istiqamətdən keçməsi investorlarda uzunmüddətli maraq yaradıb.

Əmlak bazarı iştirakçıları bildirirlər ki, əvvəlki illərdə satılmayan bəzi torpaq sahələri indi qısa müddətdə alıcı tapır. Xüsusilə magistral yola yaxın, kommunikasiya xətlərinə çıxışı olan və sənədləri qaydasında olan torpaqlar daha baha qiymətə təklif edilir.

Mütəxəssislər yaxın illərdə Zəfər yolu boyunca iqtisadi aktivliyin daha da artacağını və bunun torpaq qiymətlərinə əlavə təsir göstərə biləcəyini düşünürlər.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
news.milli.az

2Mənbələr