AZ

Müasir şəhərsalma, milli irs və Qarabağın dirçəlişi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın inkişaf fəlsəfəsinin dünyaya təqdim olunduğu mühüm siyasi və humanitar tədbir idi. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində etdiyi geniş və məzmunlu çıxışında ölkəmizin şəhərsalma strategiyası, tarixi-mədəni irsin qorunması, ekoloji layihələr və Qarabağın yenidən qurulması barədə mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışına forumun əhatə dairəsini vurğulamaqla başladı. Dövlət başçısı qeyd etdi ki, tədbirdə 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricilərdən biridir. Azərbaycanın qısa müddət ərzində COP29 kimi nəhəng beynəlxalq tədbirdən sonra daha bir qlobal platformaya uğurla ev sahibliyi etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycanın coğrafi mövqeyi və tarixi missiyası Prezident İlham Əliyevin çıxışında xüsusi yer aldı. Dövlət başçısı vurğuladı ki, Azərbaycan əsrlər boyu Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət ölkənin memarlığında da aydın şəkildə hiss olunur. İçərişəhərin qədim küçələri, Avropa memarlığı nümunələri və müasir urbanizasiya layihələri Bakının özünəməxsus memarlıq harmoniyasını formalaşdırır.

Prezident İlham Əliyev qeyd etdi ki, qədimliklə müasirliyin vəhdəti Azərbaycanın əsas şəhərsalma prinsiplərindən biridir. Bakı Bulvarının inkişafı bu siyasətin ən uğurlu nümunələrindəndir. Vaxtilə üç kilometrlik ərazini əhatə edən bulvar bu gün 15 kilometrlik nəhəng ictimai məkana çevrilib. Bu layihə həm şəhər sakinlərinin rahatlığına xidmət edir, həm də şəhərin ekoloji və estetik görünüşünü dəyişdirir.

Dövlət başçısı çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin tarixi və memarlıq irsindən də bəhs etdi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi şəhər və kəndlərin dünya sivilizasiyası tarixində mühüm yer tutduğunu diqqətə çatdırdı. Şamaxıda yerləşən qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Kiş kilsəsi və Lahıcın qədim mühəndis sistemi Azərbaycan memarlığının yüksək inkişaf səviyyəsini göstərən nadir nümunələrdir.

Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycan xalqı öz tarixi irsini qorumağı milli məsuliyyət hesab edir. Qız qalası, Şirvanşahlar Sarayı və digər tarixi abidələrin əsrlər boyu qorunması xalqımızın öz keçmişinə bağlılığının ifadəsidir. Dövlət başçısı qeyd etdi ki, bu irsin gələcək nəsillərə çatdırılması Azərbaycanın strateji prioritetlərindən biridir.

Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məsələsi də əsas mövzulardan biri oldu. Prezident İlham Əliyev Ermənistanın 30 illik işğal dövründə Azərbaycan şəhərlərinə qarşı həyata keçirdiyi vandalizm siyasətindən danışdı. Ağdamın tamamilə dağıdıldığını qeyd edən dövlət başçısı bildirdi ki, beynəlxalq müşahidəçilər bu şəhəri “Qafqazın Xirosiması” adlandırırlar.

Bununla belə, Azərbaycan dövləti azad edilmiş ərazilərdə qısa müddətdə nəhəng bərpa proqramına başlayıb. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər görülən işlərin miqyasını nümayiş etdirir. Son beş ildə yüzlərlə kilometr yol çəkilib, tunellər və körpülər tikilib, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanları istifadəyə verilib.

“Böyük Qayıdış Proqramı” çərçivəsində artıq on minlərlə insan öz doğma torpaqlarına qayıdıb. Dövlət başçısı qeyd etdi ki, bu proses təkcə yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Əsas məqsədlərdən biri həmin ərazilərdə dayanıqlı məşğulluğun təmin edilməsidir. Bunun üçün sənaye zonaları yaradılır, kənd təsərrüfatı və turizm layihələri həyata keçirilir.

Prezident İlham Əliyevin çıxışında ekoloji transformasiya məsələləri də mühüm yer tutdu. O qeyd etdi ki, Bakı uzun illər neft sənayesinin yaratdığı çirklənmədən əziyyət çəkib. Qara şəhər kimi tanınan ərazilər vaxtilə ekoloji baxımdan yararsız hesab olunurdu. Lakin bu gün həmin ərazilərdə müasir yaşayış kompleksləri, parklar və ictimai məkanlar yaradılıb. Ağ şəhər layihəsi urbanizasiya və ekoloji balansın uğurlu sintezinin nümunəsidir.

Prezident İlham Əliyev həmçinin son 20 ildə Bakıda 100-dən çox park və ictimai məkanın salındığını vurğuladı. Müasir ictimai nəqliyyat sistemi, elektrik avtobusları, metro şəbəkəsinin genişləndirilməsi və mikromobillik konsepsiyası şəhərin dayanıqlı inkişaf modelinin əsas elementləridir.

Çıxış zamanı Prezident İlham Əliyev Formula-1 yarışını nümunə gətirərək şəhərsalma prosesində balansın vacibliyini diqqətə çatdırdı. Onun fikrincə, müasir inkişaf cəsarət tələb etdiyi kimi, tarixi irsin qorunması da yüksək məsuliyyət tələb edir. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətinin fəlsəfəsini təşkil edir.

Bakıda keçirilən forum bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, dünyanın mühüm inkişaf və dialoq mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın tarixi köklərə əsaslanan, müasir texnologiyalara söykənən və insan amilini ön planda saxlayan inkişaf modelinin beynəlxalq təqdimatı oldu.

Şahin Seyidzadə,

Milli Məclisin deputatı

Seçilən
42
sabahinfo.az

1Mənbələr