AZ

Şagird “əlaçı”dır, imtahan nəticəsi “zəif” - müəllimlər harda səhv buraxır?

“Artıq məktəblərdə daxili qiymətləndirmə prosesi daha yaxşı aparılır. Biz müəyyən uyğunluq müşahidə edirik, amma hələ də istədiyimiz səviyyədə deyil. DİM vahid standarta uyğun qiymətləndirmə aparır. Müəllim isə, hətta yaxşı müəllim də səhv edə bilər”.

Bu sözləri DİM sədri Məleykə Abbaszadə son müsahibəsində qeyd edib. O bildirib ki, qiymətləndirmə zamanı hətta yaxşı müəllimlər belə səhvlərə yol verə bilirlər.

Maraqlıdır, müəllimlər şagirdlərin qiymətləndirilməsi prosesində ən çox hansı səhvlərə yol verirlər?

AzEdu.az-a mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov fikirlərini bölüşüb.

O qeyd edib ki, bəzi hallarda müəllimlərin şagirdlərə münasibətdə şəxsi yanaşmaları və emosional münasibəti qiymətləndirmə zamanı müəyyən səhvlərə səbəb ola bilir:

177290

“Bu məsələ müəllimin pedaqoji təcrübəsindən, stajından və ümumi dünyagörüşündən çox asılıdır. Bəzən müəllimlər şagirdləri qiymətləndirərkən real qiymətdən kənara çıxmağa çalışırlar. Bu isə müxtəlif səbəblərdən qaynaqlanır. Düzdür, bu, çox yayılmış hal deyil. Məsələn, şagird müəllimə yaxın olduqda (bu nadir hallarda baş verir) müəllim onun qiymətini daha yüksək yazmağa meylli ola bilər.

Yəni, əslində, əvvəlki dövrlə müqayisədə hazırda müəllimlərin çox ciddi səhvlərə yol verdiyini demək olmaz. Amma indiki halda daha çox yanaşmalarla bağlı səhvlərə rast gəlinir. Xüsusən də, bəzi hallarda müəllimlərin uşaqlara münasibətdə şəxsi yanaşmaları, simpatiya hissi və emosional münasibəti qiymətləndirmə zamanı müəyyən səhvlərə səbəb ola bilir".

Real olmayan qiymətlər şagird üçün sonradan ciddi problemə çevrilir:

“Bəzən görürük ki, şagirdin illik qiymətləndirilməsi ilə Dövlət İmtahan Mərkəzinin, eləcə də Elm və Təhsil Nazirliyinin keçirdiyi müxtəlif monitorinq və imtahan nəticələri arasında ciddi fərqlər yaranır. Məsələn, bu istiqamətdə biz artıq müəllimlərimizə müəyyən xəbərdarlıqlar etmişik. Ötən ilin imtahan nəticələrinə baxdıqda gördük ki, bu ilki nəticələrlə illik qiymətlər arasında ciddi fərq olmayıb, demək olar ki, nəticələr bir-birinə yaxın olub.

Bu məsələnin əsas çıxış yolu müəllimlərin maarifləndirilməsidir. Eyni zamanda, təkcə müəllimlərə deyil, valideynlərə və şagirdlərə də izah etmək lazımdır ki, real olmayan qiymətlər sonradan şagird üçün problemə çevrilir. Məsələn, şagirdin yarımillik və ya illik qiyməti yüksək olur, amma Dövlət İmtahan Mərkəzinin və ya digər rəsmi qurumların keçirdiyi imtahanlarda daha aşağı nəticə göstərir. Bu isə şagirdin reytinqinə mənfi təsir edir.

Halbuki məktəbdaxili qiymətləndirmə daha obyektiv aparıldıqda və şagird sonradan daha yüksək nəticə göstərdikdə bu, həm şagirdin inkişaf etdiyini, həm də müəllimin tədrisində müsbət dəyişiklik olduğunu əyani şəkildə sübut edir. Bu isə şişirdilmiş qiymətlərdən daha vacib və daha dəyərli yanaşmadır".

Seçilən
32
azedu.az

1Mənbələr