AZ

MƏKTƏBƏ İNTİZAM VƏ MƏSULİYYƏT ANLAYIŞI

Məktəb insan həyatının ən mühüm mərhələlərindən biridir. İnsan ilk dəfə cəmiyyət qaydalarını, birgə yaşamağın əsaslarını, hörmət və məsuliyyət hissini məhz məktəbdə öyrənir. Məktəb yalnız dərs keçilən bina deyil. Məktəb insanın xarakterini formalaşdıran, gələcək həyatına istiqamət verən müqəddəs bir ocaqdır. Bu ocaqda biliyin işığı ilə yanaşı, intizam və məsuliyyət anlayışı da şagirdin ruhuna aşılanır. İntizam olmayan yerdə nə elm inkişaf edə bilər, nə də sağlam cəmiyyət qurula bilər. Məsuliyyətsiz insan isə həm öz həyatını, həm də ətrafındakı insanları çətin vəziyyətə sala bilər. Buna görə məktəbdə intizam və məsuliyyət anlayışı hər bir şagird üçün vacib həyat prinsipi hesab olunmalıdır.

İntizam insanın müəyyən qaydalara əməl etməsi, davranışına nəzarət etməsi və özünü idarə etmə bacarığıdır. Məktəbdə intizam ilk növbədə şagirdin davranışında özünü göstərir. Dərsə gecikməmək, müəllimə hörmət etmək, sinif qaydalarına əməl etmək, məktəb əmlakını qorumaq və dərs prosesinə mane olmamaq intizamlı şagirdin xüsusiyyətlərindəndir. İntizam şagirdi məsuliyyətli həyata hazırlayır. Çünki insan gələcəkdə hansı peşəni seçirsə seçsin, intizamsız şəkildə uğur qazana bilməz. Həkim də, müəllim də, mühəndis də, əsgər də öz işində intizamlı olmalıdır. Məktəb isə bu keyfiyyətlərin ilk təməlini qoyur.

Məsuliyyət anlayışı isə insanın üzərinə düşən vəzifəni dərk etməsi və onu vicdanla yerinə yetirməsidir. Şagird üçün məsuliyyət yalnız ev tapşırığını etməkdən ibarət deyil. O, həm də öz davranışına, dərsə münasibətinə, məktəbdəki fəaliyyətinə cavabdeh olmalıdır. Məsuliyyətli şagird bilir ki, onun bugünkü zəhməti gələcəyini müəyyənləşdirir. O anlayır ki, valideynin, müəllimin və dövlətin ona göstərdiyi qayğının qarşılığını yaxşı oxumaqla verməlidir. Məsuliyyət hissi olmayan şagird isə vaxtını boş keçirir, dərslərinə laqeyd yanaşır və nəticədə həm özünə, həm də ailəsinə problem yaradır.

Məktəbdə intizamın qorunması təhsil prosesinin keyfiyyətinə birbaşa təsir edir. Sinifdə səs-küy və qaydasızlıq olduqda müəllim dərsi normal şəkildə izah edə bilmir. Şagirdlərin diqqəti yayınır, dərsin mənimsənilməsi çətinləşir. İntizamlı sinifdə isə sakitlik, qarşılıqlı hörmət və nizam olur. Belə mühitdə şagirdlər dərsə daha həvəslə yanaşır və biliklərini artırırlar. Deməli, intizam yalnız qayda deyil, həm də uğurlu təhsilin əsas şərtlərindən biridir.

Məsuliyyət anlayışı insanın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Məsuliyyətli şagird verdiyi sözə əməl edir, tapşırıqlarını vaxtında yerinə yetirir, öz səhvini boynuna almağı bacarır. Belə insanlar gələcəkdə cəmiyyət üçün faydalı və etibarlı vətəndaş olurlar. Əksinə, məsuliyyətsizlik insanı zəiflədir, onun həyatını nizamsız hala gətirir. Məsuliyyətsiz insan daim bəhanə axtarır, uğursuzluqlarının səbəbini başqalarında görür. Halbuki insan ilk növbədə öz məsuliyyətini dərk etməlidir.

Məktəbdə intizam və məsuliyyət anlayışının formalaşmasında müəllimlərin rolu çox böyükdür. Müəllim yalnız dərs deyən şəxs deyil, həm də nümunə göstərən bir tərbiyəçidir. Müəllimin davranışı, danışığı, tələbkarlığı və ədaləti şagirdlərə təsir edir. Əgər müəllim özü məsuliyyətlidirsə, dərsə hazırlıqlı gəlirsə və şagirdlərə qarşı ədalətli davranırsa, şagirdlər də ondan nümunə götürürlər. Eyni zamanda valideynlərin də rolu danılmazdır. Ailə uşağın ilk məktəbidir. Evdə intizam görən, məsuliyyət hissi ilə böyüyən uşaq məktəbdə də qaydalara daha yaxşı əməl edir.

Müasir dövrdə texnologiyanın inkişafı bəzi şagirdlərdə məsuliyyətsizlik və diqqətsizlik yaratmağa başlayıb. Telefon, sosial şəbəkələr və müxtəlif oyunlar bəzən şagirdlərin dərsdən uzaqlaşmasına səbəb olur. Buna görə şagird öz vaxtını düzgün idarə etməyi öyrənməlidir. Vaxtına dəyər verməyən insan gələcəyini də düzgün qura bilməz. İntizamlı və məsuliyyətli şagird isə texnologiyadan faydalı şəkildə istifadə edir, onu təhsilinə maneə yox, kömək vasitəsinə çevirir.

İntizam və məsuliyyət yalnız məktəb illəri üçün lazım olan anlayış deyil. Bunlar insanın bütün ömrü boyu ona yol göstərən həyat prinsipləridir. Cəmiyyətin inkişafı da məhz məsuliyyətli və intizamlı insanların sayından asılıdır. Qaydalara əməl etməyən, öz vəzifəsinə laqeyd yanaşan insanlar çoxaldıqda cəmiyyətdə nizamsızlıq yaranır. Əksinə, hər kəs öz məsuliyyətini dərk etdikdə həm məktəbdə, həm ailədə, həm də cəmiyyətdə sağlam mühit formalaşır.

Nəticə olaraq demək olar ki, məktəbdə intizam və məsuliyyət anlayışı şagirdin həm təhsilində, həm də şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. İntizam insanı qaydalara əməl etməyə, məsuliyyət isə üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə öyrədir. Məktəbdə bu keyfiyyətləri qazanan şagird gələcəkdə uğurlu, savadlı və cəmiyyət üçün faydalı bir vətəndaş olur. Buna görə hər bir şagird anlamalıdır ki, intizam və məsuliyyət uğurlu həyatın əsas açarıdır.

 Sevil Azadqızı

Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Filoloq.  AJB-nin üzvü.

18.05.2026

Seçilən
19
1
adalet.az

2Mənbələr