AZ

Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər beynəlxalq səviyyədə diqqətlə izlənilən inkişaf modelinə çevrilib - RƏY

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma siyasəti özündə təkcə infrastruktur layihələrinin icrasını deyil, eyni zamanda müasir dövlət idarəçiliyi, strateji planlaşdırma və şəhərsalma konsepsiyasının mühüm nümunəsini ehtiva edir. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışında da xüsusi vurğulandığı kimi, Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər bu gün artıq beynəlxalq səviyyədə diqqətlə izlənilən inkişaf modelinə çevrilib. Uzun illər işğal altında qalan və tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması Azərbaycanın yalnız iqtisadi imkanlarını deyil, həm də siyasi iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Ağdam, Füzuli, Zəngilan, Şuşa və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr klassik bərpa anlayışından daha geniş məna daşıyır. Burada “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, ekoloji dayanıqlılıq və müasir urbanizasiya prinsipləri əsas götürülür. Yəni başqa sözlə desək, Azərbaycan dağıdılmış əraziləri əvvəlki vəziyyətinə qaytarmaqla kifayətlənmir, həmin bölgələri gələcəyin şəhərsalma modelinə uyğun şəkildə formalaşdırır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasıda politoloq Rəşad Bayramov deyib.

 

Politoloq bildirib ki, bu yanaşma, xüsusilə, müasir dövrdə şəhərlərin ekoloji, sosial və texnoloji çağırışlarla üzləşdiyi bir zamanda olduqca aktualdır: “Prezident İlham Əliyevin çıxışında vurğuladığı məqamlar arasında tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması xüsusi yer tutur. Şuşanın tarixi simasının bərpası, Ağdamın yenidən planlaşdırılması, yeni hava limanlarının, yolların, tunellərin və sosial obyektlərin tikintisi göstərir ki, Azərbaycan şəhərsalmanı milli yaddaşın və kimliyin qorunması məsələsi kimi qəbul edir. Bu baxımdan Qarabağda aparılan yenidənqurma prosesi dünyada postmünaqişə dövrü üçün nadir və kompleks inkişaf nümunələrindən biri hesab oluna bilər. Digər mühüm məqam isə Azərbaycanın qlobal platformalarda artan roludur. Dünyanın müxtəlif bölgələrində müharibələrin, geosiyasi qarşıdurmaların və humanitar böhranların dərinləşdiyi bir dövrdə Azərbaycanın COP29 və WUF13 kimi beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin artan nüfuzunun göstəricisidir. Xüsusilə iqlim dəyişiklikləri, urbanizasiya, dayanıqlı inkişaf və insan yaşayışı ilə bağlı məsələlərin Bakıda müzakirə olunması Azərbaycanın qlobal dialoq platformasına çevrildiyini nümayiş etdirir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi isə təsadüfi deyil. Çünki ölkə bir tərəfdən müharibədən çıxmış regionda genişmiqyaslı yenidənqurma həyata keçirir, digər tərəfdən isə dayanıqlı inkişaf, yaşıl enerji və müasir şəhərsalma konsepsiyalarını praktik şəkildə tətbiq edir. Başqa sözlə, Azərbaycan bu gün yalnız regional siyasi aktor deyil, həm də qlobal inkişaf gündəliyinə real töhfə verən ölkə kimi çıxış edir. Bu isə həm beynəlxalq imic baxımından, həm də gələcək əməkdaşlıq imkanları baxımından strateji əhəmiyyət daşıyır”.

 

Aytəkin Qardaşova

Tarix: 19 May 2026, 12:52   
Seçilən
27
pravda.az

1Mənbələr