Bakı, 19 may, AZƏRTAC
İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi Xankəndi, Xocalı və Ağdərədə də həyata keçirilən tədbirlərin intensivliyinə və dinamikasına maneə törədən əsas amil məhz mina təhlükəsizliyi məsələsidir. İşğalçılar tərəfindən ərazilər ciddi şəkildə mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“2023-cü ildən etibarən bu ərazidə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu isə ehtimal olunan mina və digər sursatların yalnız cüzi bir hissəsidir. Müşahidələr və statistik rəqəmlər göstərir ki, bu ərazilərdə minatəmizləmə fəaliyyəti hələ uzun illər davam etdiriləcək”, - deyə o əlavə edib.
Foto: Azər İbrahimov