AZ

“Direktor düzgün seçilərsə, müəllim tədrisi evə köçürməz” - Fazil Mustafanın "Təhsil resepti"- MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalının “Təhsil Resepti” adlı  rubrikasına davam edir. 

Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən  ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni  oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?

Rubrikamızın növbəti qonağı Milli Məclisin deputatı Fazil Musatafadır. 

Müsahibəni təqdim edirik:

- Keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Sizcə, bu nüfuzu yaradan sistem idi, yoxsa cəmiyyətin müəllimə baxışı?

- Keçmiş dövrdə müəllimin nüfuzu əsasən sistemin özü ilə formalaşırdı. Təhsil daha sərt və mərkəzləşdirilmiş olduğundan müəllimə xüsusi hörmət mühiti də bu sistemin daxilində qorunurdu. Amma o dövrdə başqa bir reallıq da var idi. Müəllimlərin sosial imkanları zəif, məktəblərin texniki bazası isə kifayət qədər güclü deyildi. Yəni nüfuz bir tərəfdən mövcud olsa da, şərait baxımından ciddi çatışmazlıqlar da vardı. Ona görə bu gün keçmişi xatırlayarkən tək bir tərəfdən yox, ümumi mənzərə kontekstində dəyərləndirmək lazımdır.

Amma bir həqiqət də var ki, bizim cəmiyyətdə müəllim nüfuzu tarixən bir qədər kölgədə qalıb, bəzi digər sosial fiqurlar isə daha ön planda görünüb. Bu da müəllimlərin cəmiyyətin mərkəzi simasına çevrilməsini çətinləşdirib. Halbuki təhsilverənlərin ön planda olmadığı cəmiyyətin gələcəyi də dayanıqlı olmur.

"Təhsilin əsas meyarı kimi yalnız ali məktəbə qəbul göstəricilərinin götürülməsi zərərli tendensiyadır"

- Fazil müəllim, kənardan baxanda Azərbaycan təhsil sisteminin ən böyük çatışmazlığı nədir?

- Təhsil təkcə bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Problem ondadır ki, biz çox vaxt bu iki xətti eyni anda aparmaqda çətinlik çəkirik. Üstəlik, təhsilin əsas meyarı kimi yalnız ali məktəbə qəbul göstəricilərinin götürülməsi zərərli tendensiyadır. Halbuki inkişaf etmiş ölkələrdə daha çox peşəyönümlü yanaşma mövcuddur və ali təhsil sadəcə “statistika” kimi deyil, fərdin yoluna uyğun seçim kimi qəbul olunur.

Bizdə isə məktəb təhsilinin keyfiyyəti hələ də universitetə qəbul olunanların sayı ilə ölçülür. Amma bu, təhsilin real keyfiyyətini tam əks etdirmir. Test sisteminin daha keyfiyyətli qurulması vacib idi ki, şagirdləri əzbərçiliyə yox, həqiqi biliyə yönləndirsin. Lakin bu istiqamətdə gözlənilən nəticələrə tam nail ola bilməmişik.

Eyni zamanda, məktəb mühitinin özünün cəlbedici olması da çox önəmlidir. Məktəb təkcə bina və sinif otaqlarından ibarət olmamalıdır. Bir çox hallarda bizdə məktəb məhz bunlarla məhdudlaşır: fiziki məkan var, amma onu canlı edən, maraqlı və motivasiya verən mühit hər yerdə eyni səviyyədə deyil.

- Maraqlıdır, bugünkü məktəblərlə sizin dövrünüzün məktəbləri arasında ən ciddi fərqi nədə görürsünüz?

- Hazırda təhsil almaq imkanları bizim dövrümüzlə müqayisədə daha genişdir. Çünki o vaxt təhsilin standartları daha məhdud, informasiya qapalı idi və istənilən ədəbiyyata, fikrə çıxış hər zaman mümkün olmurdu. Ona görə də həmin dövrdə daha çox bir istiqamətə yönəlmiş, nisbi olaraq monoton bir təhsil mühiti formalaşırdı. Sovet dövrü həm də düşüncə azadlığının məhdud olduğu bir sistem idi və bu baxımdan o nəsil müəyyən mənada daha az imkanlarla yetişmiş sayılır.

İndiki nəsil isə həm internet dövrünün, həm də müxtəlif texnoloji imkanların sayəsində bilik əldə etmək üçün çox geniş resurslara malikdir. Amma paradoks ondadır ki, bu qədər imkanın içində ondan səmərəli istifadə etmək bəzən daha çətin olur. İnformasiya çoxluğu həm də qarışıqlıq yaradır və bu axın içində həm şəxsiyyəti qorumaq, həm də düzgün istiqamətdə inkişaf etmək ayrıca bir problemə çevrilir.

Bu baxımdan düşünürəm ki, bugünkü məktəb mühiti daha çox avadanlıq, daha yaxşı infrastruktur və motivasiyaedici yanaşmalarla bilik qazanma prosesinə dəstək ola bilər. Dərsdənkənar imkanlar da əvvəlki dövrlərlə müqayisədə daha genişdir. Təbii ki, bunu keçmişin pionerlik modeli ilə tam müqayisə etmək mümkün deyil.

Amma əsas məqsəd şəxsiyyət yetişdirmək və gənc nəslin texnologiya dövrünə uyğun, bilikli və hazırlıqlı insan kimi formalaşmasını təmin etmək olmalıdır. Bunun üçün isə real imkanlar mövcuddur. Sadəcə təhsilə daha ciddi və sistemli yanaşma lazımdır. Təəssüf ki, bu yanaşma zəif olduqda nə orta məktəb, nə də ali təhsil sistemi öz funksiyasını tam yerinə yetirə bilir. Ona görə də mövcud boşluqların aradan qaldırılması əsas prioritet olmalıdır.

“Təhsildə sistem var, amma ruhu tam formalaşmayıb”

- Sizcə, təhsilin bugünkü sağlamlıq durumunu necə qiymətləndirirsiniz?- reanimasiya vəziyyəti, orta-ağır, yoxsa, stabil?

- Təhsilimizin bugünkü vəziyyətini tərəddüdsüz şəkildə “reanimasiya vəziyyətindədir” kimi xarakterizə etmək olar. Çünki hədəfi aydın olmayan, daha çox statistika üçün qurulmuş sistemin özünü ayaqda saxlamaq asan olmur. Təəssüf ki, bu sistemi real şəkildə dirçəldəcək ciddi və davamlı islahatlar da kifayət qədər sınaqdan keçirilməyib.

Formal olaraq Boloniya sistemi tətbiq olunsa da, onun mahiyyətinə uyğun addımlar atılmayıb. Yəni sistem mövcuddur, amma ruhu tam formalaşmayıb. Eyni zamanda nə orta məktəb, nə də universitet səviyyəsində nümunə ola biləcək bir model tam şəkildə formalaşdırıla bilməyib.

Hətta Orta Asiya ölkələri ilə müqayisədə belə təhsil sahəsində geridə qaldığımız məqamlar var və bu, düşündürücü bir siqnaldır. Çünki bu cür inkişaf tempində zaman itkisi daha ağır nəticələr doğura bilər.

Ən vacibi isə odur ki, təhsilə münasibət dəyişməsə, gələcək illərdə bu boşluqlar daha böyük sosial və iqtisadi problemlərə çevrilə bilər.

"Keçmişdə şagirdə, tələbəyə real faydası olmayan müəllimlər var idi"

- Keçmiş nəslin müəllimlərindən bu günə örnək ola biləcək hansı yanaşmalar hələ də yaşayır?

- Keçmişdə də bütün müəllimlər savadlı deyildi, bu, reallıqdır. Təbii ki, içlərində çox dəyərli, güclü müəllimlər də var idi, amma eyni zamanda şagirdə, tələbəyə real faydası olmayan müəllimlər sayı az deyildi. Ona görə də bu mövzunu nəsillər arasında tam müqayisə etmək o qədər də doğru yanaşma deyil.

O dövrdə daha çox önəmli olan müəllimin “obrazı” idi. Yəni sistem müəllimi cəmiyyətin gözündə yüksək statusda saxlayırdı, o, ən çox mükafatlandırılan, ən çox dəyər verilən və tədbirlərdə ön sırada yer alan bir fiqura çevrilmişdi. Əslində müəllimi ayaqda saxlayan da məhz bu nüfuz oldu.

Öyrətmək baxımından isə keçmiş illərin müəllimləri, bəlkə də, daha çox iş görürdülər. Amma problem ondadır ki, onlar bizi gələcəyin, 10-20 il sonranın tələblərinə hazırlayan proqramları ya tanımırdılar, ya da bu məsələ o dövrdə o qədər də ön planda deyildi. Nəticədə biz də sonradan bunun boşluğunu hiss etdik.

Bu gün isə məsələ təkcə müəllimləri müqayisə etmək deyil. Daha vacibi odur ki, hər kəs öz daxilində bir “müəllimlik” məsuliyyəti formalaşdırsın, yəni öyrətmək, yön vermək və paylaşmaq mədəniyyəti inkişaf etsin. Çünki təhsil yalnız sistemin yox, həm də fərdin içində başlayan bir prosesdir.

- Bəs, bugünkü gənclərdə sizi ümidləndirən hansı keyfiyyətləri görürsünüz?

Bugünkü gənclər 50 il əvvəlki gənclərdən mahiyyətcə fərqlənmir, insan faktoru dəyişməyib. Sadəcə mühit tamamilə dəyişib. İndi informasiya və bilik axını daha güclüdür və hər kəsin qarşısında daha geniş imkanlar var. Amma bu imkanların içində “üzməyi davam etdirmək” hər kəs üçün asan olmur. Bəzən kimlərsə dayanır, sonra isə məsuliyyəti kənar səbəblərdə axtarmağa başlayır, məsələn, ədalətsizlik, dəyər verilməməsi və s. Halbuki həmin “dalğaları yarıb keçmək” üçün lazım olan inadkarlıq və davamlılıq hər insanda eyni dərəcədə olmur.

Buna baxmayaraq, müasir gənclikdə bu iradəyə sahib olanlar da var. Yəni problem nəsildə deyil, daha çox seçimdə və davamlılıqda gizlənir.

- Təhsil prosesinin cəmiyyətin ziyasına çevrilməsi üçün hansı fərdi düsturlarınızı təklif edərdiniz?

Mənim hansısa bir “resept” irəli sürməyim məsələyə həlledici təsir göstərə bilməz. Amma Türkiyədə müşahidə etdiyim bir təcrübə məni bu modelə daha çox inandırdı.

Orada “Mən təhsil naziri olsaydım” kimi suallar ətrafında tanınmış ictimai xadimlərin, keçmiş müəllimlərin və pedaqoji tədqiqatlarla məşğul olan şəxslərin fikirləri toplanaraq bir kitab halında təqdim olunurdu. Yəni fikir tək bir şəxsin yox, geniş bir peşəkar çevrənin ortaq məhsulu kimi formalaşırdı.

Eyni yanaşmanı təhsil sistemini inkişaf etdirmək üçün də tətbiq etmək mümkündür. Təcrübəli müəllimlər üçün real diskussiya mühitinin yaradılması çox vacibdir. Bizdə müəllimlər qurultayı keçirilir, amma çox vaxt bu proses formal xarakter daşıyır, daha çox protokol və qərar təsdiqi formatında olur. Halbuki bu qurultaylar 2-3 günlük real müzakirə platformasına çevrilə bilər.

“Təhsili necə daha sağlam hala gətirmək olar?” kimi suallar ətrafında müəllimlərin real təcrübəyə əsaslanan fikirləri toplanmalı, protokollaşdırılmalı və daha sonra elmi şəkildə analiz olunmalıdır. Bu, konkret qərarların daha düzgün formalaşmasına imkan verər.

Bizdə beynəlxalq təcrübənin tez bir zamanda tərcümə olunub tətbiq edilməsi ənənəsi var. Bu, müəyyən qədər faydalıdır, amma həmin model yerli reallığa uyğunlaşdıracaq güclü icra və düşüncə mexanizmi olmadan gözlənilən nəticəni vermir. Boloniya sistemində də bunu açıq şəkildə gördük.

Düşünürəm ki, fərqli baxışların bir araya gəldiyi, intellektual müzakirəyə əsaslanan platformalar formalaşmadan təhsildə dayanıqlı model qurmaq çətindir. Əks halda ayrı-ayrı epizodik təkliflər sistemli dəyişiklik yaratmaq gücündə olmur.

"Məktəb rəhbərləri düzgün seçilərsə, müəllimlər tədrisi evə köçürməzlər"

-Müəllim, təhsil sistemimizdə hazırda mövcud olan ilk hansı problemi həll etməyi tövsiyə edərdiniz?

İlk növbədə bağçalar məsələsinə xüsusi önəm verərdim. Bağça əlçatanlığı təmin olunmalıdır. Elə bir vəziyyət yaranmamalıdır ki, valideyn “uşağımı bağçaya qoya bilmədim, çünki bağça yoxdur və ya yerlər doludur” desin. Çünki hər şey ibtidai mərhələdən başlayır. Məktəbəqədər təhsilin infrastrukturu düzgün şəkildə qurulmalıdır. Amma təəssüf ki, bu infrastruktur bir çox hallarda yetərli deyil.

Digər tərəfdən orta təhsilin hədəfləri düzgün müəyyənləşdirilməlidir. "Məktəbi uşaqlara necə sevdirmək olar?", sualının cavabı daha ciddi şəkildə araşdırılmalıdır.

Məktəblərin ilk növbədə idman infrastrukturu düzgün qurulmalı və idman dərsləri daha da ciddiləşdirilməlidir. Eyni zamanda biologiya, kimya və fizika fənləri üzrə ixtisaslaşma gücləndirilməli, bu sahələrə marağın artırılması üçün daha anlaşılan ədəbiyyatların tərcüməsi və məktəblərdə istifadəsi təmin olunmalıdır. Bunların hər biri kompleks yanaşma tələb edən məsələlərdir.

Direktorların təyinatı məsələsində isə yalnız yüksək bal göstəricisi deyil, təcrübəli pedaqoqlardan ibarət komissiyanın rəyi, müsahibə və ümumi qiymətləndirmə əsas götürülməlidir. Çünki məktəb direktoru təkcə statistik göstəricilərlə deyil, həm də pedaqoji və idarəetmə bacarığı ilə seçilməlidir.

Məktəb direktoru həm savadlı müəllim, həm də menecerdir və hər iki xüsusiyyətin balanslı şəkildə qiymətləndirilməsi vacibdir. Belə olduqda müəllimlər də təhsil prosesinin natamamlığından şikayət edib prosesi məktəbdən evə köçürmək əvəzinə biliyi daha çox məktəbin daxilində paylaşa bilərlər.

Bizim ən həssas sahəmiz təhsil olduğuna görə, bu məsələdə “ağıl ağıldan üstündür” prinsipinə əsaslanaraq, təcrübəsi olan insanların bir araya gəlib geniş müzakirə mühiti yaratması daha doğru yanaşma olardı.

Seçilən
15
azedu.az

1Mənbələr