Elə xalqlar var ki, şəhər salır. Elə xalqlar var ki, şəhərlərdə yaşayır. Azərbaycanlılar isə şəhərləri quran, itirən, yasını saxlayan və yenidən geri qaytaran xalqlardandır. Minilliklər boyu. Buna sadəcə yaşam tərzi demək azdır - bu, sivilizasiya instinktidir.
Azərbaycan Prezidenti İlham Əliyev 13-cü Ümumdünya Şəhər Forumunda - WUF13-də çıxış edərkən təkcə dövlət başçısı kimi danışmırdı. O, tarixi sözün həqiqi mənasında şəhər divarlarının daşına həkk olunmuş bir xalqın nümayəndəsi kimi danışırdı.
Qəbələ - Cənubi Qafqazın ən qədim şəhərlərindən biri, Qafqaz Albaniyasının paytaxtı, eramızdan əvvəl III əsrə gedib çıxan xarabalıqları ilə.
Gəncə - IX əsrdə əsası qoyulmuş, UNESCO-nun bəşəriyyətin ən böyük mütəfəkkirlərindən biri kimi tanıdığı Nizami Gəncəvinin yurdu.
Naxçıvan - hələ eramızın II əsrində Ptolemeyin xatırlatdığı şəhər. Şamaxı - Şirvan dövlətinin orta əsr paytaxtı, Böyük İpək Yolunun ən mühüm ticarət qovşaqlarından biri.
Qarşımızda sadəcə toponimlər yox, canlı bir sivilizasiya qatları dayanır.
Bu konteksti gözardı etmək, sadəcə, mümkün deyil.
Azərbaycan şəhərləri sıfırdan texnokrat layihə kimi qurmur. Azərbaycan yarımçıq qalmış urbanistik ənənəni bərpa edir və eyni zamanda onu XXI əsrə daşıyır. Bu, təkcə sərmayə yox, fəlsəfə tələb edən incə işdir.
Azərbaycanın yeni şəhər tarixi bugünkü bərpa dövründən xeyli əvvəl başlamışdı. XIX əsrin ikinci yarısında neft bumu ilk böyük urbanistik sıçrayışı yaratdı. Bakı bir neçə onillik ərzində Rusiya imperiyasının əyalət şəhərindən dünyanın ən böyük neft mərkəzlərindən birinə çevrildi. 1900-cü ildə Azərbaycan dünya neft hasilatının təxminən yarısını verirdi - bu rəqəm bu gün də mübaliğə kimi səslənir, amma saf tarixi faktdır. Nobellər, Rotşildlər, Nağıyev, Tağıyev burada saraylar, gəlir evləri, sənaye məhəllələri tikirdilər. O dövr Bakısının memarlıq siması Şərq landşaftına hopmuş zərif Avropa modernidir. Nadir rast gəlinən unikal, incə bir sintez.
Sovet dövrü bu mənzərəyə başqa qat əlavə etdi - kütləvi tikinti, sovet urbanizminin planlaşdırma qəlibləri, yerli özünəməxsusluğun kölgədə qalması. Postsovet 1990-cı illəri isə iqtisadi çöküş və ondan da ağır faciə - işğal gətirdi. Ölkə ərazisinin təxminən 20 faizi Ermənistanın nəzarəti altına keçdi. Şuşa, Ağdam, Füzuli, Zəngilan - xarabalığa çevrilmiş şəhərlər. "Azərbaycanın Xirosiması" adlandırılan Ağdam məqsədli və metodik şəkildə dağıdıldı. Human Rights Watch və Amnesty International-ın məlumatlarına görə, dağıntılar sistemli xarakter daşıyırdı. 700 mindən çox azərbaycanlı məcburi köçkünə çevrildi - bu, həmin dövrün postsovet məkanında ən böyük qaçqın böhranı idi.
Tam otuz il - dondurulmuş münaqişənin, itirilmiş şəhərlərin, yarımçıq qalmış talelərin üç fəlakətli, ağrılı, faciəli onilliyi.
2020-ci ilin payızında 44 günlük müharibə bu reallığı dəyişdi. Azərbaycan işğal olunmuş ərazilərin böyük hissəsi üzərində nəzarəti bərpa etdi, 2023-cü ilin sentyabrında isə bütün Qarabağda konstitusion suverenliyini tam təmin etdi. Ölkənin qarşısında miqyasına və sürətinə görə misilsiz vəzifə dayandı: bütöv bir regionu yenidən qurmaq. Sadəcə infrastrukturu bərpa etmək yox, otuz il ərzində dağıdılmış şəhər toxumasını yenidən yaratmaq.
Söhbət 12 min kvadratkilometrdən çox ərazidən gedir. Onlarla yaşayış məntəqəsindən gedir. Azərbaycan hakimiyyətinin on milyardlarla dollarla qiymətləndirdiyi sərmayələrdən gedir. Artıq Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanı istifadəyə verilib. Yollar çəkilib, kommunikasiyalar qurulub, müntəzəm aviareyslər işə salınıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa tarixi məhəllələrin qorunması, məscidlərin və xan sarayının bərpası ilə memarlıq və mənəviyyat rəmzi kimi dirçəlir.
Məhz burada Azərbaycan öz urbanistik doktrinasını tapdı: tarixi varislik - bünövrə, texnoloji müasirlik - üst qat. Nə keçmişi muzey eksponatına çevirmək, nə də "təmiz səhifə" naminə onu silmək. Burada söhbət daşda və betonda təcəssüm edən dövrlər dialoqundan gedir.
WUF13 - BMT-Habitatın Ümumdünya Şəhər Forumu - bu təcrübənin milli çərçivədən çıxaraq qlobal məna qazandığı platformadır. Forum 160-dan çox ölkədən urbanistləri, memarları, planlaşdırıcıları və siyasətçiləri bir araya gətirir. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi, xüsusilə dayanıqlı şəhər və yaşayış məntəqələrinə həsr olunmuş 11-ci Məqsəd ümumi konteksti müəyyənləşdirir. Amma şəhərlərin necə qurulduğunu, necə dağıdıldığını və necə yenidən dirçəldiyini göstərən real nümunələr istənilən bəyannamədən daha dəyərlidir. Azərbaycanın postmünaqişə şəhərsalma təcrübəsi müasir tarixdə nadir hallardan biridir: burada bərpa təbii fəlakətdən sonra yox, məqsədli dağıntıdan sonra aparılır. Fərq prinsipialdır: bu prosesdə təkcə mühəndislər yox, tarixçilər, antropoloqlar, arxivçilər də çalışır. Çünki təkcə divarları yox, onların necə göründüyünə dair yaddaşı da bərpa etmək lazımdır.
Paralellər öz-özünə yada düşür və onlar skeptiklərin xeyrinə danışmır. Nasistlər tərəfindən dağıdılmış, 1945-ci ildən sonra xarabalıqlardan qaldırılmış Varşava bu gün UNESCO-nun Dünya İrsi Siyahısına tarixi şəhər toxumasının görkəmli bərpa nümunəsi kimi daxil edilib. Müharibədən sonrakı Rotterdam modernist memarlığın laboratoriyasına çevrildi. Vətəndaş müharibəsindən sonrakı Beyrut isə tarixlə spekulyativ tikintinin çətin yanaşı yaşaması nümunəsi oldu - nəticələri birmənalı deyildi. Azərbaycan bütün bu presedentləri diqqətlə öyrənib. Şuşa Beyrutun səhvləri və Varşavanın uğurları nəzərə alınaraq qurulur.
Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva - mədəni bərpa layihəsinin kuratoru, Azərbaycanın tarixi irsinin qorunmasına şəxsi töhfəsi beynəlxalq səviyyədə tanınan şəxs - urbanistik gündəmi hərdaim diqqət mərkəzində saxlayırlar. Heydər Əliyev Fondu son iyirmi ildə yüzlərlə restavrasiya və mədəni infrastruktur layihəsi həyata keçirib. Təkcə 2023-2024-cü illərdə azad edilmiş rayonlarda onlarla təhsil, səhiyyə və mədəniyyət obyekti açılıb.
Azərbaycanın Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, 2025-ci ilin əvvəlinə azad edilmiş ərazilərə kapital qoyuluşlarının həcmi 6 milyard manatı keçib.
Rəqəmlər sadəcə karkasdır. Amma onların arxasında insan taleyi dayanır.
Zira rəqəmlər - bu işin karkasıdır. Amma onların arxasında insan ölçüsü var. On minlərlə sabiq məcburi köçkün artıq azad edilmiş rayonlara qayıdıb və ya qayıdış növbəsindədir. Füzuli düşünülmüş planlaşdırması, yaşıl zonaları, enerji səmərəli memarlığı ilə müasir şəhər kimi yenidən qurulur. Bir vaxtlar dağıntının rəmzinə çevrilmiş Ağdam yeni həyat qazanır. Bu, sadəcə tikint yox, memarlıq vasitəsilə milli travmanın sağaldılmasıdır.
İndi isə bütün deyilənlərə xüsusi məna qatan kontekə nəzər salaq.
2024-2026-cı illərin Azərbaycanı təkcə şəhərlər quran yox, həm də dünyanı qəbul edən ölkədir. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 190-dan çox ölkədən 70 mindən artıq iştirakçını bir araya gətirdi - bu, ölkə tarixində ən böyük beynəlxalq tədbir oldu. İqlim sammitində əldə olunan maliyyə razılaşmaları, xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilədək ildə ən azı 300 milyard dollar həcmində Yeni kollektiv kəmiyyət məqsədi üzrə razılaşma Azərbaycanın sədrliyinin tarixi nəticəsi kimi yadda qaldı.
WUF13 məzkur məntiqin təbii davamıdır. Eyni vaxtda dağıdılmış şəhərləri bərpa edən və dayanıqlı inkişafla bağlı qlobal müzakirələrə ev sahibliyi edən ölkə beynəlxalq gündəmə xahiş edən tərəf kimi yox, öz səsi, öz təcrübəsi olan iştirakçı kimi daxil olur. Postmünaqişə şəhər bərpasından, keçmiş münaqişə zonalarında dayanıqlı urbanizasiyadan, modernləşmə fonunda mədəni kimliyin qorunmasından danışmağa kim daha haqlıdır? Bütün bunları real vaxtda, dünyanın gözü qarşısında yaşamış ölkədən başqa kim?
Dayanıqlı inkişaf ritorikası çox vaxt bəyanatlar səviyyəsində qalır. Azərbaycan isə nadir fəaliyyət proqramı təklif edir: yoxlanıla bilən, genişmiqyaslı, sənədləşdirilmiş təcrübə. Bəli, öz ziddiyyətləri və çağırışları ilə. Reallıq hər zaman forum məruzəsindən daha mürəkkəbdir. Məhz buna görə Azərbaycan təcrübəsi dəyərlidir: steril deyil, canlıdır.
Bu gün dünya urbanizasiyası nəhəng miqyaslı prosesdir. BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 68 faizi şəhərlərdə yaşayacaq. Artıq indi 4,4 milyarddan çox insan şəhər sakinidir. Qlobal Cənub planlaşdırmağa macal tapmadan daha sürətlə və daha xaotik şəkildə qurur. Münaqişə zonaları - Suriya, Yəmən, Ukrayna, Sahel - arxada bir gün yenidən qurulmalı olacaq xarabalıqlar qoyur. Bunu necə düzgün etmək - kimliyi qoruyaraq, iqlim çağırışlarını nəzərə alaraq, sosial inklüzivliyi təmin edərək - XXI əsrin əsas suallarından biridir.
Azərbaycan universal resept iddiasında deyil. Amma konkret, ölçülə bilən, ibrətamiz təcrübə ortaya qoyur. Minillik şəhər tarixinə malik, neft intibahından, sovet homogenləşməsindən, postsovet xaosundan, münaqişədən və bərpadan keçmiş ölkə şəhər haqqında istənilən akademik dərslikdən daha çox bilir.
Şəhər sadəcə binalar və yollar toplusu deyil. Şəhər qərarlar toplusudur və həmin qərarların hər biri nəsillər sonra öz səsini göstərəcək. Əlli ildən sonra Füzuli necə olacaq? Şuşa XVIII-XIX əsrlərə aid memarlıq dilindən nəyi qoruyacaq və nələri yenidən yaradacaq? Bakı sürətlə böyüyən müasir siluetini 2000-ci ildə UNESCO siyahısına daxil edilmiş İçərişəhərin autentikliyi ilə necə uzlaşdıracaq?
Sualların cavabları artıq yazılır - akademik jurnallarda yox, baş planlarda, tikinti normalarında, memarlıq müsabiqələrində və hər gün verilən qərarlarda. WUF13 Azərbaycanın bu təcrübəni bütün dünya ilə bölüşdüyü məkandır. Kiməsə dərs vermək iddiası ilə yox, qlobal problemlərin yalnız birgə həll oluna biləcəyini dərk edərək. Bu problemləri isə təkcə yeni küçənin yox, dağıdılmış küçənin də qiymətini bilənlər daha yaxşı həll edər.
Şəhərlərin dayanıqlı inkişafına həsr olunmuş foruma ev sahibliyi edən ölkənin özünün də tikinti prosesində olması - sözün birbaşa, fiziki mənasında, hər gün - dərin simvolik məna daşıyır. Tikinti burada metafora deyil. Ağdamın, Füzulinin, Laçının üzərində ucalan kranlar elə tezisin özüdür. Bundan konkret arqument ola bilməz.
İki min beş yüz il şəhərlər qurmuş xalq bunu unutmayıb. Azərbaycan Gəncə, Şəki, Qəbələ ilə qürurlanır. Azərbaycan Ağdamı xatırlayır. Azərbaycan Füzulini qurur. Burada keçmiş, bu gün və gələcək ayrı-ayrı deyil - onlar yan-yana dayanıb, çoxəsrlik divarın yanında qurulmuş inşaat iskeleləri kimi.
Elçin Alıoğlu
milli.az