AZ

Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir

Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin qərarı ilə yaşıl enerji zonası elan olunub və regionda bərpa olunan enerji layihələri geniş miqyasda həyata keçirilir.

"APA-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasından verdiyi məlumata görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, son dörd ildə regionda çaylar üzərində ümumi gücü 50 meqavat olan su elektrik stansiyaları tikilib.

V. Hacıyev qeyd edib ki, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası layihəsi həyata keçirilir, əlavə olaraq 100 meqavat gücündə digər günəş enerjisi layihələri icra olunur.

O bildirib ki, tikilən inzibati binaların və yaşayış evlərinin damlarında günəş panelləri quraşdırılır.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, istehsal olunan yaşıl enerji yalnız Qarabağ və Şərqi Zəngəzurun tələbatını ödəməyə deyil, həm də ixrac imkanlarının yaradılmasına xidmət edir.

“Azərbaycanın təcrübəsi göstərir ki, post-münaqişə bərpası təkcə infrastrukturun yenidən qurulması deyil, insanların ləyaqətlə və inamla qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və iqtisadi cəhətdən səmərəli icmaların yaradılmasıdır”, – deyə V. Hacıyev vurğulayıb.

O əlavə edib ki, ağıllı planlaşdırma, yaşıl enerji, rəqəmsal həllər və iqtisadi inkişaf vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun dayanıqlı yaşayış məntəqələri formalaşdırılır.

Seçilən
38
apa.az

1Mənbələr