Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 55 illiyi ilə əlaqədar müzakirələr aparılıb, bu elm müəssisəsinin ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində keçdiyi tarixi yol və əldə etdiyi elmi nailiyyətlərdən bəhs olunub.
SİA xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi müəssisənin yaranma tarixindən söz açıb. Akademik qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərib. 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılıb. 2002-ci il mayın 21-də İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunub.
Alim qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, daim onun diqqət və qayğısı ilə inkişaf edən bu elmi qurum Azərbaycanın İKT sənayesinə intellektual dəstək verən əsas mərkəzlərdən biridir. İnstitutun əsasını təşkil edən ilk strukturun yaradılmasında əsas məqsəd dövlət idarəetmə orqanlarında, nazirlik və komitələrdə, sosial-iqtisadi sahələrdə və istehsalat birliklərində riyazi metodların, hesablama üsullarının və kompüter texnologiyalarının tətbiqinə elmi-metodiki dəstək göstərmək, müxtəlif səviyyəli avtomatlaşdırılmış idarəetmə və informasiya emalı sistemlərinin layihələndirilməsi və tətbiqini təmin etmək idi.
“Həmin dövrdə bu fəaliyyət faktiki olaraq ölkədə rəqəmsal dövlət quruculuğunun ilkin elmi əsaslarının formalaşdırılmasına xidmət edib”, – deyən institutun baş direktoru bildirib ki, məhz bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində respublikada şəbəkə texnologiyalarının, müxtəlif təyinatlı informasiya sistemlərinin, hesablama mərkəzlərinin yaradılmasının əsası qoyulub, informatika sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması il bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə edilib.
Alim 1980-ci illərdə aparılan elmi tədqiqatlar çərçivəsində kompüter şəbəkələrinin yaradılmasına xüsusi diqqət yetirildiyini, respublikanın müxtəlif hesablama mərkəzlərinin qarşılıqlı əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb. Alim bildirib ki, Azərbaycanın ilk dəfə internetə çıxışı 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirilib. Həmçinin ölkənin ilk veb-saytı – science.gov.az 1995-ci ildə institutun mütəxəssisləri tərəfindən hazırlanıb.
Akademik Rasim Əliquliyev müstəqillik illərində, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən texnoloji siyasət fonunda institutun fəaliyyət istiqamətlərinin daha da genişləndiyini vurğulayıb. Alim hazırda institutda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı tədqiqatların aparıldığını bildirib.
Tədbirdə, həmçinin institutun formalaşması və inkişafına töhfə verən alim və mütəxəssislərin elmi fəaliyyəti, əsas nailiyyətləri, informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual problemləri üzrə aparılan fundamental və tətbiqi tədqiqatlar barədə məlumat verilib. Bildirilib ki, yarım əsrdən artıq fəaliyyəti dövründə İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyası, ölkənin dayanıqlı inkişafına intellektual dəstəyin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, informasiya cəmiyyətinin elmi əsaslarının formalaşdırılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsində mühüm rol oynayıb.