AZ

42 milyon izlənən məşhur qolun müəllifi: Hazırda bütün fikrim "Neftçi"dədir - VİDEO

BAKI, 19 may. TELEQRAF

“Komandaya ilk gəldiyim gündən azarkeşlər məni çox yaxşı qarşıladılar. “Neftçi”də olduğum üçün çox məmnunam. Hazırda mövsüm bitməyib və bütün fikrim klubdadır. Hələlik heç bir təklif yoxdur. Gələcəkdə nələrin olacağını isə zaman göstərəcək”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin venesuelalı futbolçusu Freddi Varqas deyib. 27 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasının uğurlu keçdiyini vurğulayan futbolçu hazırda bütün diqqətini “Neftçi”yə yönəltdiyini bildirib.

“Ağ-qaralar”la UEFA Konfrans Liqasına vəsiqə qazanan Varqas belə bir turnirdə ilk dəfə iştirak edəcəyini deyib: ““Neftçi” böyük klubdur. Burada hər birimiz bir ailə kimiyik. “Neftçi”də əsas prioritet hər zaman çempionluqdur. Biz də mövsümün əvvəlində bu məqsədə köklənmişdik. Amma oyunlar istədiyimiz kimi getmirdi, arzuladığımız nəticələri ala bilmirdik. Bəzi matçlarda xalları son saniyələrdə itirdik. Bu da növbəti oyunlardakı çıxışımıza təsirsiz ötüşmədi. Nəticədə Konfrans Liqası ilə kifayətlənməli olduq. Əgər mövsümün ilk yarısından bu cür oynasaydıq, çempionluq uğrunda mübarizə apara bilərdik. Hamımız birlikdə komandanın daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik. Mən əvvəllər heç vaxt avrokuboklarda iştirak etməmişəm. Buna görə də bu, mənim üçün ilk və unudulmaz təcrübə olacaq”.

Varqas XXX turda səfərdə “Karvan-Yevlax”a (0:3) vurduğu və sosial şəbəkələrdə 40 milyondan çox izlənən qolu barədə də danışıb: “Bu qol həm mənim, həm də klub üçün çox xoş oldu. Video azarkeşlər tərəfindən böyük maraqla qarşılandı və yüksək baxış sayı topladı. Bu, mənim üçün böyük önəm kəsb edir. Daha əvvəl də karyeramda oxşar qollar olmuşdu, amma belə dabanla vurmamışdım. Buna görə də həmin qol karyeramda böyük önəm kəsb edir”.

Seçilən
37
teleqraf.com

1Mənbələr