AZ

Xankəndi, Xocalı və Ağdərədə görülən işlər açıqlandı - FOTO

Post-münaqişə dövrlərində şəhərlərin bərpası təkcə fiziki infrastrukturun yenidən qurulması deyil, eyni zamanda sosial yaddaşın, mədəni kimliyin və ictimai həyatın yenidən formalaşdırılması deməkdir. Bu baxımdan şəhərsalma həm texniki, həm də humanitar bir proses kimi çıxış edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri — yeni şəhər planlarının hazırlanması, müasir dizayn yanaşmalarının tətbiqi, “ağıllı şəhər” konsepsiyalarının inteqrasiyası və ekoloji tarazlığın qorunması — bu prosesin kompleks və strateji xarakterini nümayiş etdirir. Məqsəd yalnız şəhərləri bərpa etmək deyil, eyni zamanda onları daha dayanıqlı, inklüziv və yaşayış üçün daha uyğun mühitə çevirməkdir. Əminəm ki, bugünkü müzakirələr post-münaqişə şəhərsalmasının çağırışlarına dair daha dərin anlayışların formalaşmasına və beynəlxalq təcrübələrin bölüşülməsinə mühüm töhfə verəcək.

Qaziler.az xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində və post-münaqişə şəhərsalması mövzusuna həsr edilmiş panel müzakirədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirib.

O, bildirib ki, hazırda  Xankəndi, Xocalı və Ağdərədə irimiqyaslı infrastruktur layihələri, bərpa və quruculuq işləri həyata keçirilir. Ərazidə ümumilikdə 32 minə yaxın şəxs məskunlaşmış, onlardan 2011 ailə olmaqla 8153 nəfər öz yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərdir. Ərazi üzrə mövcud 116 yaşayış məntəqəsindən 20-si bərpa edilərək əhalinin qayıdışı təmin edilib.

E. Yusubovun sözlərinə görə, işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi bu 3 ərazidə də həyata keçirilən tədbirlərin intensivliyinə və dinamikasına maneə törədən əsas amil məhz mina təhlükəsizliyi məsələsidir. İşğalçılar tərəfindən ərazilər ciddi şəkildə mina və partlamamış hərbi sursatlarla çirkləndirilmişdir. 2023-cü ildən etibarən bu ərazidə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu isə ehtimal olunan mina və digər sursatların yalnız cüzi bir hissəsidir. Müşahidələr və statistik rəqəmlər göstərir ki, bu ərazilərdə minatəmizləmə fəaliyyəti hələ uzun illər davam etdiriləcək.İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpa və yenidənqurma işləri də sürətlə davam etdirilir.

E. Yusubovun sözlərinə görə, yaşayış fondunun inşası və bərpası işləri müasir şəhərsalma və memarlıq prinsiplərinə uyğun həyata keçirilir. Yeni yaşayış kompleksləri yaradılır, yaşayışa yararsız olan fərdi evlər bərpa edilir. Bərpa prosesində sakinlərin rahat yaşayışı üçün zəruri olan bütün meyarlar nəzərə alınır. Enerjiyə qənaət etməyə imkan verən və ekoloji təmiz materiallardan istifadə edilir. Yaşayış məntəqələrinin daxilində yeni yollar və kommunikasiya xətləri çəkilir, park və yaşıllıq əraziləri yaradılır, təhsil, səhiyyə və digər xidmət infrastrukturu yaradılır.

Prezidentin xüsusi nümayəndəsi Xankəndi şəhərində inşa edilmiş bir sıra müasir memarlıq nümunələrini -Xankəndi Konqres Mərkəzi, Xankəndi Biznes Mərkəzi, Bulud oteli və Xocalı Soyqırımı Memorial Kompleksini də diqqətə çatdırıb. Xankəndi Konqres Mərkəzi artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunlara misal olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünü, III Şuşa Qlobal Media Forumunu qeyd etmək olar.

Seçilən
3
1
qaziler.az

2Mənbələr