AZ

“Şamaxı, Gəncə, Naxçıvan…” – Prezidentin WUF13 mesajının arxasındakı məna

“Prezident İlham Əliyev WUF13-dəki çıxışında xalqımızın şəhərsalma mədəniyyətinin dərinliklərinə toxunaraq bir sıra şəhərlərimizin adını çəkdi və düşünürəm ki, bu, təsadüfi deyildi. Eyni zamanda Prezident qeyd etdi ki, həmin şəhərlər müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərimizin paytaxtları olub və onların dünyaya bəxş etdiyi mütəfəkkirlərin də adlarını vurğuladı. Məsələn, Şamaxının adını çəkərkən onu İmadəddin Nəsimi ilə, Gəncəni Nizami Gəncəvi ilə, Naxçıvanı Əcəmi Naxçıvani ilə əlaqələndirdi. Qəbələnin adı çəkilərkən isə Alban dövrü tariximizə istinad edildi. Bütün bunlar əslində Prezidentin çox mühüm ustalıqla və özünəməxsus tərzdə Azərbaycan dövlətçilik tarixi və şəhərsalma mədəniyyəti barədə dünyanı məlumatlandırması idi. Mən düşünürəm ki, bu, Azərbaycanın həm tarixi, həm də şəhərsalma mədəniyyəti baxımından dünyaya yenidən təqdimatı oldu”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

1658856354130436449_1200x630.jpg

Deputat bildirib ki, WUF 13-dən danışarkən Azərbaycanın unikal təcrübəsindən bəhs edilir:

“Bir tərəfdən tarixi şəhərlərimizin müasir şəhərsalma standartlarına uyğunlaşdırılmasını görürük, digər tərəfdən isə dağıdılmış və viran qoyulmuş şəhərlərin sıfırdan yenidən qurulmasının şahidi oluruq. Bu, həqiqətən də unikal təcrübədir. Çünki bu gün şəhərsalma və urbanizasiya problemlərindən danışarkən inklüzivlik və gender bərabərliyi məsələləri də ön plana çıxır. Şəhərlər müxtəlif yaş qrupları və fərqli ehtiyacları olan insanlar üçün əlçatan və komfortlu olmalıdır. Eyni zamanda şəhər mühiti gender bərabərliyinin qorunmasına da uyğun şəkildə formalaşdırılmalıdır. Bütün bu məsələlər aktualdır. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə diqqəti göstərir ki, Azərbaycan yeni tarixi mərhələdə şəhərsalma ilə bağlı çox ciddi və müasir yanaşma ortaya qoyur.

şəhər.jpg

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən şəhərsalma prosesi həm bizim üçün, həm də dünya üçün yeni təcrübədir. Dünyada çox az ölkə tapılar ki, şəhərlər tamamilə dağıdılsın və onların yerində yenidən müasir şəhərlər qurulsun. Azərbaycan isə bunu XXI əsrin şəhərsalma tələblərinə uyğun şəkildə həyata keçirir. Baş planlar hazırlanır, qısa, orta və uzunmüddətli inkişaf strategiyaları müəyyən edilir, müasir şəhərsalmanın bütün tələbləri nəzərə alınır. Bu təcrübə, şübhəsiz ki, UF13 iştirakçıları tərəfindən də öyrənilə biləcək yeni modeldir. Eyni zamanda bütün bunlar Azərbaycanın mühüm qlobal tədbirlərə ev sahibliyi etmək təcrübəsini də gücləndirir”.

Hikmət Babaoğlunun sözlərinə görə, COVID-19 pandemiyasından sonra belə böyük bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzundan və yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir:

“Biz bilirik ki, WUF13-dən əvvəl də dünyanın müxtəlif ölkələrində bu səviyyədə tədbirlər keçirilib. Lakin iştirakçı sayı və müzakirə olunan problemlərin miqyası baxımından Azərbaycandakı forum xüsusi fərqləndi.

pr2.jpg

Azərbaycanın fərqi məhz bundadır - ölkəmizin geniş beynəlxalq əlaqələri və yüksək nüfuzu var. Əks halda, belə tədbirlərdə iştirak səviyyəsi də aşağı olar. Amma WUF13 bu günə qədər keçirilən forumlar arasında həm iştirakçı sayına, həm də qlobal problemlərin müzakirəsi baxımından yadda qalan tədbirlərdən birinə çevrildi. Bu isə Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkənin gələcək strateji məqsədləri və dünya siyasətində oynayacağı rol baxımından da mühüm perspektivlər yaradır”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr