BAKI, 19 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rusiyalı oliqarx Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” blokunun nümayəndələri tərəfindən vətəndaşlara seçki rüşvətinin verilməsi ilə bağlı yaydığı səsyazılarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Baş nazir bu barədə Taşir şəhərində seçiciləri ilə görüşündə toxunub.
Paşinyan deyib ki, yayımlanan səsyazıları bu blokun Qarabağ ermənilərinə əsl münasibətini göstərir:
“Onların pul paylaması yeni məsələ deyil, amma diqqətinizi çəkmək istədiyim iki çox vacib xüsusiyyət var. Həmin xüsusiyyətlər bundan ibarətdir ki, onlar həmin blokun qərargahında toplaşıb insanlardan pul almaq və vermək aktını fahişə ilə əxlaqsız hərəkətlərlə müqayisə edirlər”.
Baş nazirin sözlərinə görə, bu ifadə insanlara qarşı əsl münasibəti göstərir:
“Real mənzərə belədir. Bu insanlar guya Qarabağ ermənilərini qoruyurlar. Baxın, onlar ofislərində nə deyirlər, Qarabağ erməniləri haqda necə danışırlar. Sonuncusu çox kobud dildir. Bu, cinayətkar oliqarxiyanın ən xarakterik xüsusiyyətidir: insanlara alınıb-satılan əmtəə kimi yanaşmaq”.