AZ

Uqandada əl sıxmağa qadağa qoyuldu: Ebola təhlükəsi böyüyür

Uqanda Səhiyyə Nazirliyi ölkə ərazisində əl sıxmaq və digər fiziki salamlaşma formalarına müvəqqəti qadağa qoyub.

Moderator.az "NilePost"a istinadən xəbər verir ki, bu qərar Konqo Demokratik Respublikasında davam edən xəstəlik dalğası fonunda Ebola virusuna iki yoluxma halının təsdiqlənməsindən sonra qəbul edilib.

Qurumun nümayəndəsi Diana Atvayn bildirib ki, bu tədbir virusun daha da yayılmasının qarşısını almağa yönəlib. Onun sözlərinə görə, təmasda olan şəxslərin izlənilməsi və potensial infeksiya ocaqlarının nəzarətdə saxlanılması üçün artıq xüsusi müşahidə və çevik reaksiya qrupları fəaliyyətə başlayıb.

"NilePost"un məlumatına görə, yoluxduğu təsdiqlənmiş pasiyentlərdən biri - Konqo vətəndaşı Uqandadakı Kibuli Müsəlman Xəstəxanasında vəfat edib. Ebola virusuna yoluxan digər şəxs isə hazırda Mulaqo Milli İxtisaslaşdırılmış Xəstəxanasının nəzdində fəaliyyət göstərən izolyasiya mərkəzində müalicə alır.

Xatırladaq ki, mayın 7-də Ümumdünya Səhiyyə Təşkilatı Ebolanın yeni alovlanmasının Konqo Demokratik Respublikasının şimal-şərqində yerləşən İturi əyalətində qeydə alındığını açıqlamışdı.

Seçilən
34
1
moderator.az

2Mənbələr