AZ

“Əsas məqsədimiz xaricdə yaşayan həmvətənlərimizin ana dili ilə bağını qorumaqdır”

Səfayə Naibova: “Xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayının artırılmasına bu gün böyük ehtiyac var”

  Layihə çərçivəsində Kiyevdə Azərbaycan dili və tarixini tədris edən Səfayə Naibova ilə müsahibəni təqdim edirik. Xatırladaq ki, müsahibimiz 2009-cu ildən aktiv olaraq Azərbaycan dilinin tədrisi və təbliği ilə məşğuldur. Bu müddət ərzində Kiyevdəki 37, 135, 188, 247 və 291 nömrəli orta ümumtəhsil məktəblərində Azərbaycan dili sinifləri uğurla fəaliyyət göstərib. Səfayə Naibova həmin təhsil müəssisələrində yüzlərlə gənc həmvətənimizə və ukraynalıya Azərbaycan dili öyrədib.

 

– Ukraynada azərbaycanlı uşaqların ana dilini öyrənməsi ilə bağlı hansı çətinliklərlə qarşılaşırsınız?

– Ukraynada azərbaycanlı uşaqların ana dilini öyrənməsi istiqamətində müəyyən çətinliklərlə qarşılaşsaq da, bu sahədə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Azərbaycan dili ecazkar, zəngin və şeirə, musiqiyə yatımlı bir dildir. Ukraynalılar da bunu tez-tez vurğulayır, dilimizi “musiqi dili” adlandırırlar. Bu maraq bizi daha da ruhlandırır və Azərbaycan dilinin təbliği istiqamətində fəaliyyətimizi genişləndirməyə stimul verir. Hətta azərbaycanlılarla ailə quran bəzi ukraynalılar ana dilimizi öyrənmək üçün xüsusi dərslərə qatılmaq istəyirlər ki, bu da mədəniyyətimizə olan hörmətin və marağın göstəricisidir.

Lakin hazırda ən böyük çətinlik müharibə şəraiti ilə bağlıdır. Müharibənin yaratdığı sosial və psixoloji təsirlər nəticəsində bir çox ailələr yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıb, bəzi uşaqlar isə təhsildən müvəqqəti uzaq düşüblər. Bu səbəbdən Azərbaycan dili məktəblərində və kurslarında şagirdlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Eyni zamanda, təhlükəsizlik məsələləri, dərslərin davamlı təşkili, müəllim və valideynlərin bir araya gəlməsi kimi məsələlər də müəyyən çətinliklər yaradır. Bütün bu çətinliklərə baxmayaraq, biz milli-mənəvi dəyərlərimizi fəal şəkildə və layiqincə təbliğ etməyə davam edirik.

 

– Çalışdığınız məktəbdə Azərbaycan dili ilə yanaşı, mədəniyyətimizi, adət-ənənəmizi uşaqlara necə təbliğ edirsiz?

– Rəhbərlik etdiyim “Azərbaycanın mədəniyyət tarixi” dərnəyində xalqımızın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərini şagirdlərə aşılayırıq. Qurban bayramı, Novruz bayramı, milli mətbəximiz, geyimlərimiz, musiqimiz və folklorumuz əsas mövzular sırasında yer alır. Dərs dediyim məktəbdə isə fəallığına görə fərqlənən 7 şagirddən 3-ü azərbaycanlıdır ki, bu da bizim uğurumuzdur.

Pandemiya və müharibə dövrünə qədər müxtəlif məktəblərdə “Azərbaycan mədəniyyəti günləri” təşkil edirdik. Tədbirlər bir həftə davam edir, həmin müddət ərzində fasilələrdə Azərbaycan musiqisi səsləndirilirdi. Məktəbin foyesində milli geyimlərimiz, kitablarımız, musiqi alətlərimizin nümayişi həm şagirdlərin, həm də müəllim və valideynlərin böyük marağına səbəb olurdu.

Xüsusilə Novruz bayramı ərəfəsində keçirilən tədbirlər yaddaqalan olurdu. Valideynlər də bu prosesə fəal şəkildə cəlb edilirdi. Hər kəs öz imkanına görə Novruz xonçası hazırlayır, biri boyanmış yumurta, digəri şəkərbura, paxlava, qoğal gətirirdi.

35 nömrəli məktəbdə Azərbaycan mədəniyyəti ilə bağlı təşkil olunan tədbirlərin birində mənə 13 dəqiqə vaxt ayrılmış və ölkəmizi təmsil etmək imkanı verilmişdi. Bu çıxışa görə üçüncü yerə layiq görülməyim mənim üçün böyük stimul oldu. Həmin təqdimatda dünya miqyasında tanınmış görkəmli elm adamlarımız haqqında məlumat vermişdim. Üçrəngli bayrağımızın rənglərinin mənası səhnə kompozisiyası şəklində göstərilmişdi. Tədbirdə Estoniya, Latviya, Litva, Qazaxıstan və digər ölkələrdən olan şagirdlər dahi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirmişdilər. Eyni zamanda, səhnədə milli geyimlərimiz nümayiş etdirilmişdir.

 

– Xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayının artırılmasına nə dərəcdə ehtiyac var?

– Xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayının artırılmasına bu gün böyük ehtiyac var. Çünki dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ailələrin sayı artdıqca, gənc nəslin ana dilini unutmaması və milli-mənəvi dəyərlərə bağlı böyüməsi daha da vacib məsələyə çevrilir. Xaricdə doğulan və ya uzun illər başqa ölkələrdə yaşayan uşaqlar gündəlik həyatda əsasən yaşadıqları ölkənin dilində danışırlar. Əgər onların ana dili ilə əlaqəsi gücləndirilməzsə, zaman keçdikcə Azərbaycan dili, mədəniyyəti və milli kimliyi ilə bağlılıq zəifləyə bilər. Məhz buna görə Azərbaycan dili məktəblərinin fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu ilin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin qorunmasının və xaricdə yaşayan azərbaycanlıların da doğma dilini mükəmməl bilməsinin vacibliyini qeyd edib: “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər”.

Hörmətli Prezidentimizin fikirləri bir daha göstərir ki, ana dilinin qorunması milli birliyimizin və kimliyimizin əsas sütunlarından biridir. Xaricdə fəaliyyət göstərən Azərbaycan dili məktəbləri də məhz bu missiyanı həyata keçirir.

Bu gün Prezident İlham Əliyevin birbaşa diqqəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi nəticəsində son illərdə xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayı artmaqdadır. Bu məktəblər yalnız dil öyrədən tədris mərkəzləri deyil, eyni zamanda milli dəyərlərimizi yaşadan mədəniyyət ocaqları rolunu oynayır. Burada uşaqlara Azərbaycan dili ilə yanaşı tariximiz, ədəbiyyatımız, milli musiqimiz, adət-ənənələrimiz və vətənpərvərlik ruhu da aşılanır.

 

– Bu məktəblərin sayının artması Azərbaycan həqiqətlərinin və mədəniyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına necə təsiri edir?

– Əlbəttə, xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayının artması Azərbaycan həqiqətlərinin, tarixinin və zəngin mədəniyyətinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına mühüm töhfə verir. Belə məktəblərdə uşaqlara və gənclərə Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, musiqisi, milli adət-ənənələri, mətbəxi və multikultural dəyərləri haqqında da məlumat verilir. Bunun nəticəsində xaricdə böyüyən gənc nəsil öz milli kimliyini qoruyub saxlayır, Azərbaycan haqqında dolğun və düzgün təsəvvür formalaşdırır. Eyni zamanda, onlar yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edən mədəniyyət elçilərinə çevrilirlər.

Bu məktəblərin mühüm cəhətlərindən biri də odur ki, burada yalnız azərbaycanlı ailələrin övladları deyil, digər xalqların nümayəndələri də Azərbaycan dilinə və mədəniyyətinə maraq göstərirlər. Müxtəlif millətlərdən olan insanların Azərbaycan dili öyrənməsi ölkəmizə olan marağı artırır, xalqımızın tolerantlıq, multikulturalizm və zəngin mədəni irs kimi dəyərlərini dünyaya tanıdır. Azərbaycan beynəlxalq aləmdə qədim tarixə, zəngin mədəniyyətə və müasir inkişaf modelinə malik ölkə kimi daha yaxından tanınır.

Belə təşəbbüslər diasporumuzun birliyinin möhkəmlənməsinə də böyük təsir göstərir. Azərbaycan dili məktəbləri soydaşlarımızı bir araya gətirən, milli həmrəyliyi gücləndirən və ortaq dəyərlər ətrafında birləşdirən mühüm platformaya çevrilir. Burada keçirilən tədbirlər, bayram proqramları, ədəbi-bədii gecələr və mədəni layihələr həm uşaqların, həm də ailələrin Azərbaycanla bağlarını daha da gücləndirir.

Gələcəkdə Azərbaycan dili məktəblərinin daha çox ölkədə fəaliyyət göstərməsi həm diasporumuzun inkişafına, həm milli kimliyimizin qorunmasına, həm də Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə daha geniş tanınmasına böyük töhfə verəcək. Bu məktəblər vasitəsilə ana dilimiz, tariximiz və milli-mənəvi dəyərlərimiz gələcək nəsillərə ötürüləcək, Azərbaycanın dünyadakı mövqeyi daha da güclənəcək.

 

– Gənc nəslə ana dilinin öyrədilməsi xaricdə milli kimliyimizin yaşadılmasında nə kimi rol oynayır?

– Gənc nəslə ana dilinin öyrədilməsi xaricdə milli kimliyimizin qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, adət-ənənələri və milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Xaricdə yaşayan uşaqlar və gənclər ana dillərini öyrəndikcə öz köklərinə daha sıx bağlı olur, milli mənsubiyyət hissini qoruyub saxlayırlar. Bu isə onların həm ailə dəyərlərinə, həm də Azərbaycan mədəniyyətinə marağını artırır.

Əsas məqsədimiz xaricdə yaşayan həmvətənlərimizin ana dili ilə bağını qorumaq, eyni zamanda digər xalqlara Azərbaycan dilini və zəngin mədəniyyətimizi tanıtmaqdır. Çünki dilini unudan nəsil zamanla milli kimliyindən uzaqlaşa bilər. Ana dilinin öyrədilməsi isə gənclərdə milli qürur hissini gücləndirir, onları öz tarixini və mədəni irsini daha dərindən öyrənməyə sövq edir. Bundan əlavə, xaricdə təşkil olunan Azərbaycan dili kursları, həftəsonu məktəbləri, mədəni tədbirlər və müxtəlif layihələr diaspor nümayəndələrinin birliyini möhkəmləndirir. Belə təşəbbüslər sayəsində gənclər həm bir-biri ilə ünsiyyət qurur, həm də Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etməyi öyrənirlər. Eyni zamanda, başqa xalqların nümayəndələri də Azərbaycan dili və mədəniyyəti ilə yaxından tanış olur, bu da ölkəmizin dünyada tanıdılmasına müsbət təsir göstərir.

İnanıram ki, ana dilinin gələcək nəsillərə ötürülməsi milli kimliyimizin yaşadılması və gücləndirilməsi üçün ən vacib amillərdən biridir. Bu istiqamətdə atılan hər bir addım həm diasporamızın inkişafına, həm də Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə daha geniş tanınmasına xidmət edir.

Cavid Şahverdiyev

  Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
37
sabahinfo.az

1Mənbələr