BAKI, 20 may. TELEQRAF
Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev işgüzar səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Elm və təhsil naziri Emin Əmrullayev Suriya Ərəb Respublikasının təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi ətrafında danışıblar. Görüş çərçivəsində həmçinin cari ilin fevral ayında imzalanan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"dən irəli gələn məsələlərin icrası istiqamətində müzakirələr aparılıb.
Səfər çərçivəsində Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov ilə də görüşüb. Görüşdə Azərbaycan və Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviq edilməsi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.
Dünya Təhsil Forumu çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə də görüş baş tutub. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE beynəlxalq reytinqlərində mövcud təmsilçilik göstəriciləri, son illərdə əldə olunan irəliləyişlər və universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq akademik nüfuzunun gücləndirilməsi və qlobal reytinqlərdə daha yüksək nəticələr əldə etməsi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə keçirilən görüşdə tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq və qlobal təşəbbüslərdə birgə iştirak imkanlarını müzakirə ediblər. Görüşdə təhsildə innovativ yanaşmalar və dayanıqlı inkişaf məqsədləri istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüş zamanı Azərbaycan ilə OECD arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub. Tərəflər şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və müasir bacarıqların inkişafı sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə beynəlxalq qiymətləndirmə mexanizmlərinin təhsil siyasətinin formalaşdırılmasında rolu və məlumat əsaslı qərarvermənin əhəmiyyəti vurğulanıb.