Bakı, 20 may, AZƏRTAC
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından məlumat verilib.
Bildirilib ki, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin ümumilikdə 50-ə yaxın rəsmi nümayəndəsinin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.
Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar.
Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil nümayəndələri, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.
Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi ötən il Bakıda təşkil olunub. II sərgi isə bu ilin yanvar ayında keçirilib.