AZ

Qurban əti necə bölüşdürülməlidir? – İlahiyyatçı AÇIQLADI

Qurban bayramının yaxınlaşması ilə İslam dünyasında mənəvi birlik və paylaşma ab-havası daha da güclənir. 

Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram insanlara yardımlaşmağı, ehtiyacı olanlara dəstək göstərməyi və mərhəmət hissini aşılayan müqəddəs günlərdən hesab olunur. Nəsillər boyu yaşadılan qurban ənənəsi təkcə dini ibadət deyil, eyni zamanda cəmiyyət daxilində həmrəylik və birlik duyğularını möhkəmləndirən mənəvi dəyər kimi qəbul edilir.

Bununla belə, Qurban bayramı və qurban ibadətinin qaydaları ilə bağlı cəmiyyətdə hələ də müxtəlif suallar yaranır. Əsasən də qurban ətinin necə bölüşdürülməsi ilə bağlı suallar var.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, Qurban sözünün mənası yaxınlaşmaqdır:

 “İnsanın Allaha, insanın insana yaxınlaşması, ülfət, məhəbbət, mərhəmət, səxavət deməkdir, qurban. Qurban təkcə qoyun kəsib ət yemək deyil. Heyvan kəsimi sadəcə vasitədir. Əsas məqsəd insanın varından, malından Allah yolunda keçməsi, başqalarını sevindirməsidir. Cəmiyyət arasında sosial münasibətlərin yenilənməsi qurban ərəfəsində daha da vüsət almalıdır. Qurban vacib ibadətlərdəndir. Maddi imkanı çatan, banklara sələm borcu olmayan müsəlmanlar qoyun, keçi, inək, camış və dəvə kimi heyvanlardan alıb Allah yolunda, Allahın adını çəkmək şərti ilə yönü qibləyə qurban kəsməlidir”. 

İlahiyyatçının dediyinə görə, qoyun və keçini şərikli kəsmək olmaz:

“Lakin dəvə, camış və inəyi şərikli, yəni, 7 nəfərə qədər birləşib alıb kəsib bölmək olar. Kəsilən heyvanın hissələri azdırsa yalnız ailəsi üçün təmin etməlidir. Ailəsində, uşaqlarına bir hissə ayırdıqdan sonra qalan hissəni qonşular və kasıblar üçün paylamaq lazımdır. 

Heyvanı kəsən də müsəlman olmalıdır. Qanı tam axmalı, dini qaydalara uyğun kəsilməlidir. Dərisini, içalatını küçələrə, yollara atmaq doğru deyil. Təmizlik imandandır. Təmizliyi qorumaq lazımdır. Küçədə, yolda, cəmiyyət arasında heyvan kəsmək vəhşilik olduğu üçün xüsusi qurbangahlarda ya da həyətdə kəsmək lazımdır. Uşaqlar bu kəsimi görməsə yaxşıdır. Heyvana əvvəlcə su vermək, sonra gözünü bağlayıb kəsmək lazımdır”.

399987

Ekspert qeyd edib ki, bir heyvanı başqa heyvanın gözü önündə kəsmək də qəddarlıq əlaməti olduğu üçün yolverilməzdir:

“Qurban bayramı günü sübhdən günortaya qədər olan zaman kəsimində 2 rükət bayram namazı qılınır və xütbə oxunur. Bu namaz cəm halda məscidlərdə qılınır və bayramın mahiyyəti haqda danışılır. Varlı, imkanlı adamlar daha çox qurban kəsib kasıblara paylamağı həm savabdır həm də ibadət. Bütün müsəlman ölkələrində bu ənənə var. Təəssüf ki, bizdə çox zəifdir. Kasıb da, varlı da bircə heyvan kəsib yalnız özünü düşünür. 

Bu bayramda Allah əsasən varlıları sınağa çəkir. Allah yolunda kəsilib camaata paylanılan qurbanın savabı, fəziləti daha çoxdur. Elə ailələr var ki, ildə bir dəfə uşaqlarına ət yedirdə bilmir. Elə ailələr var ki, bir tikə ətə möhtacdır. Dindarlıq, müsəlmanlıq özünü çox səcdə edən kimi göstərmək üçün möhürü isidib alnı qabar etmək, yaxud haram pulla Həccə getmək, gələndən sonra da müğənnilərlə əyyaşlıq etmək deyil”. 

İlahiyyatçı xüsusi olaraq vurğulayıb ki, əsl möminlik aclara, kasıblara əl tutmaqdır: 

“Özü də reklam, nümayiş etdirib o adamların qürurunu sındırmaqla deyil, gizli şəkildə. Təəssüf ki, saxta dindarlar və xüsusən də xarici təsirlərə düşən din xadimləri İslam ənənələrini xarab etdilər. Dinin sosial yönlərini öz xalqımızın ehtiyaclarını qarşılamaq üçün deyil, İran müctəhidlərinə xüms, zəkat yollamaqla təbliğ etdilər. Din adı altında yanlış ideyalar yaydılar. Odur ki əsl dinin təbliğ olunmasına çox ehtiyac var. Düzgün təbliğ olubsa ölkəmizdə də qurban kəsib kütləvi şəkildə kasıblara, qocalar, uşaqlar evlərinə paylayanlar olar”.

Günel Cəlilova

Seçilən
35
hit.az

1Mənbələr