AZ

Binalarda elektrik dövrü başladı: Bakı forumunda mühüm tezis

Binaların və mənzil sektorunun dekarbonizasiyası üçün əsas istiqamətlərdən biri xidmətlərin elektrikləşdirilməsidir.

News365.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində    “Şəhər-Sənaye-İqlim əlaqəsi kontekstində mənzil və binaların karbonsuzlaşdırılması” adlı panel sessiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Dekarbonizasiyası şöbəsinin rəhbəri Rikkardo Savilyano bildirib.

O qeyd edib ki, müxtəlif ölkələrdə isitmə, soyutma, nəqliyyat və sənaye xidmətlərinin elektrik enerjisinə keçirilməsi istiqamətində addımlar atılır:

“Dekarbonizasiya strategiyalarından biri binaların elektrikləşdirilməsidir. Paralel olaraq bərpa olunan enerji mənbələrinin istifadəsi də genişləndirilməlidir”.

Onun sözlərinə görə, Avropada istilik nasosları texnologiyası (“heat pump”) sürətlə yayılmağa başlayıb:

“Bu texnologiya sadədir, yerli istehsal zəncirləri yaradır və yeni iş yerlərinin açılmasına töhfə verir. Belə texnologiyaların geniş tətbiqi enerji sistemlərinə ciddi təsir göstərə bilər. Qeyd olunub ki, Avropada istilik nasoslarının geniş yayılması əlavə bir teravatlıq enerji tələbi yarada bilər”.

Rikkardo Savilyano vurğulayıb ki, bu isə Avropada istehsal olunan ümumi elektrik enerjisinin təxminən səkkizdə birinin həmin texnologiyaya yönəldilməsi deməkdir:

“Şəhərlər gələcək enerji tələbatı nəzərə alınaraq planlaşdırılmalıdır. Hazırda bu istiqamətdə dialoq başlayıb, lakin biz hesab edirik ki, bu, ən təxirəsalınmaz mövzulardan biridir”.

O bildirib ki, enerji və sənaye sektoru arasındakı əlaqə də xüsusi diqqət tələb edir. 

“Nümunə olaraq Avstriyada polad istehsal edən bir şirkətin elektrik sobalarına keçid planı göstərə bilərik. Belə ki, həmin zavod təkbaşına ölkənin ümumi enerji təchizatının yeddidə birinə qədər enerji tələb edəcək”.

R.Savilyano onu da əlavə edib ki, enerji keçidi ilə bağlı planlaşdırmada bu miqyasda artan tələbat mütləq nəzərə alınmalıdır.

Seçilən
14
news365.az

1Mənbələr