İdman və oyun meydançaları insanların həyat keyfiyyətini və uzunömürlülüyünü artıran əsas amillərdən biri kimi yaşayış məhəllələrinin ayrılmaz hissəsi olmalıdır.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
Onun sözlərinə görə, müasir şəhərsalmada insanlar yaşadıqları ərazilərə yaxın yerlərdə işləməyə üstünlük verirlər: "Buna görə yaşayış məkanlarının planlaşdırılması zamanı ofis binaları, ticarət obyektləri, nəqliyyat, məktəblər və səhiyyə müəssisələri ilə yanaşı, idman infrastrukturu da nəzərə alınmalıdır".
İlqar İsbatov bildirib ki, idman və oyun meydançaları insanların həyat tərzini formalaşdırır, məmnunluğunu artırır və sağlam həyatın təşviqinə xidmət edir. O qeyd edib ki, yaşayış məhəllələrinin ölçüsündən asılı olaraq, müxtəlif idman obyektləri nəzərdə tutulmalıdır. Kiçik məhəllələrdə açıq idman meydançaları və fitnes zonaları, daha iri yaşayış massivlərində isə qapalı idman zalları və böyük idman qurğuları yaradılmalıdır.
Komitə sədrinin müavini vurğulayıb ki, bu yanaşma şəhərsalma üzrə normativ sənədlərdə təsbit edilməli və yaşayış ərazilərinin planlaşdırılmasında sistemli şəkildə tətbiq olunmalıdır.