AZ

ABŞ və İsrail İranda Mahmud Əhmədinejadı hakimiyyətə gətirməyi planlayıbmış

NYT İranda mümkün hakimiyyət dəyişikliyi planında sabiq prezident Mahmud Əhmədinejadın əsas fiqur kimi nəzərdə tutulduğunu yazıb...

ABŞ və İsrailin İrana qarşı müharibənin ilkin mərhələsində ölkədə hakimiyyət dəyişikliyi üçün keçmiş prezident Mahmud Əhmədinejad variantını nəzərdən keçirdiyi iddia olunub.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin aviazərbələri nəticəsində İranın ali rəhbərinin və bir sıra yüksəkvəzifəli şəxslərin öldürülməsindən bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp hakimiyyətin “İran daxilindən olan bir şəxsin” əlinə keçməsinin daha məqsədəuyğun olacağını bildirmişdi.

Nəşrin iddiasına əsasən, Vaşinqton və Təl-Əviv konkret namizəd kimi gözlənilməz şəkildə Mahmud Əhmədinejadı nəzərdə tutublar. Halbuki Əhmədinejad prezidentliyi dövründə sərt antiisrail və antiamerika bəyanatları ilə tanınıb.

Amerikalı rəsmilərin sözlərinə görə, plan qısa müddət sonra uğursuzluğa düçar olub. Bildirilir ki, müharibənin ilk günü İsrailin Tehranda Əhmədinejadın evinə endirdiyi zərbə zamanı o yaralanıb. Mənbələrin iddiasına görə, hücumun məqsədi onu ev dustaqlığından azad etmək olub.

Qəzet yazır ki, keçmiş prezident hücumdan sağ çıxsa da, həyatına təhlükə yaradan hadisədən sonra hakimiyyət dəyişikliyi planından uzaqlaşıb. O vaxtdan bəri Əhmədinejad ictimaiyyət qarşısına çıxmayıb və onun hazırkı vəziyyəti barədə məlumat yoxdur.

Məqalədə vurğulanır ki, Əhmədinejadın belə bir plan üçün seçilməsi olduqca qeyri-adi addım hesab olunur. O, 2005–2013-cü illərdə prezident olduğu dövrdə İsrailə qarşı sərt bəyanatları, İranın nüvə proqramına dəstəyi və ABŞ-ni kəskin tənqid etməsi ilə yadda qalıb.

Bununla yanaşı, onun İran hakimiyyəti ilə son illərdə münasibətlərinin gərginləşdiyi və təhlükəsizlik strukturlarının nəzarəti altında saxlanıldığı qeyd olunur. Nəşr Əhmədinejadın bu plana necə cəlb edildiyinin isə hələ məlum olmadığını yazıb.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr