Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın son günlər həm daxili, həm də xarici siyasət masasında atdığı addımlar, baş nazir Nikol Paşinyanın olduqca həssas bir balans qurmağa çalışdığını göstərir.
"AzPolitika" xəbər verir ki, Ermənistan hökumət başçısının Rusiya ilə münasibətlərə dair rəsmi bəyanatları ilə ölkə mətbuatında daxili siyasi gərginlik haqqında yayılan xəbərlər müqayisə edildikdə, İrəvanın "iki cəbhəli strategiya" yürütdüyü aydın fərq olunur. Bu gedişat həm Moskvanın təzyiqlərini neytrallaşdırmaq, həm də ölkə daxilindəki siyasi mövqeləri qorumaq məqsədi daşıyır.
Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə aralarındakı "200 telefon zəngi" detalını önə çıxararaq, Moskva ilə münasibətlərin tamamilə qırılmadığını və İrəvanın kəskin addımlardan qaçdığını bəyan edib. Rusiyaya qarşı kifayət qədər mülayim və diplomatik bir ritorika seçən hökumət rəhbəri, eyni zamanda Ermənistanın müstəqil maraqlarını da xatırlatmağı unutmayıb. İlk baxışda bu açıqlama sadəcə xarici siyasət xətti kimi görünə bilər, lakin ölkənin nüfuzlu "Hraparak" qəzetinin iddiaları məsələnin daxili tərəfinə işıq salır.
Qəzet yazır ki, son rəy sorğularında hakim "Vətəndaş Müqaviləsi" partiyasının reytinq göstəricilərində dalğalanmalar qeydə alınıb və bu səbəbdən hüquq-mühafizə orqanları müxalifət fəallarına qarşı nəzarəti gücləndirib. Məlumata görə, bu hərəkətlərə səbəb onların seçkiqabağı sorğuların nəticələrinin hakim "Vətəndaş Müqaviləsi" partiyasının reytinqlərinin aşağı düşdüyünü göstərməsi olub. Bundan əlavə, sosial mediada yayılan videolarda Baş nazir Paşinyanın öldürülməklə hədələnməsi yer alıb.
Qəzet bunu ölkənin Daxili İşlər Nazirliyinin Yerevanda 15 ünvanda aparılan axtarışlarla əlaqələndirir.
Bu iki fərqli gedişatın pərdəarxası məntiqi əslində bir-birini tamamlayır. Paşinyan hökuməti daxildə müxalifətin təzyiqi ilə üzləşdiyi bir vaxtda, xarici platformada böyük bir güclə, yəni Rusiya ilə açıq qarşıdurmaya girməyin riskli olduğunu hesablayır. Ölkə daxilindəki müxalif qüvvələrin ənənəvi olaraq Moskvaya yaxınlığını nəzərə alsaq, Paşinyanın Kremlin ünvanına səsləndirdiyi "isti mesajlar" daxili müxalifətin Moskvadan ala biləcəyi siyasi dəstəyin önünü kəsmək xarakteri daşıyır. Eyni zamanda, "erməni maraqlarının qorunması" tezisi daxili auditoriyaya yönəlir və hakimiyyətin ölkəni həm xarici təbəddülatlardan, həm də daxili xaotik ssenarilərdən qoruyan yeganə qüvvə olduğu imicini möhkəmləndirir. Beləliklə, İrəvan idarəçiliyi hazırda xarici arenada maksimum ehtiyatlılıq nümayiş etdirərək arxa cəbhəsini sakitləşdirir, daxildə isə növbəti siyasi mərhələlərə daha hazırlıqlı və nəzarətli daxil olmaq üçün preventiv addımlar atır.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.