"Sosial media kommunikasiya imkanlarını artırıb" -
"Media cəmiyyətə dayanıqlı şəhərlərin niyə vacib olduğunu anlamağa kömək edir , yaşıl zonaların əhəmiyyətini, dayanıqlı planlaşdırmanın vacibliyini, sosial inklüzivliyin şəhər inkişafının bir hissəsi olmalı olduğunu və icmaların qərarvermə prosesinə cəlb edilməsinin zəruriliyini izah edir".Mətbuat.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” tədbirində jurnalistlərə açıqlaması zamanı “Yaradan” filminin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib. O bildirib ki, bu gün sosial media kommunikasiya imkanlarını daha sürətli və daha güclü edib. "Qısa bir video, sənədli film və ya təsirli bir foto beynəlxalq müzakirəyə səbəb ola bilər. Lakin medianın böyük məsuliyyəti də var, həqiqətə, balanslı yanaşmaya, etik prinsiplərə və ictimai etimada qarşı məsuliyyət var:"Regionumuzda kommunikasiya və hekayəçiliyin insanların yenidənqurma, şəhər transformasiyası və icma inkişafı proseslərini daha yaxşı anlamasına necə kömək etdiyini açıq şəkildə görürük. Sənədli filmlər və vizual hekayəçilik yalnız fiziki yenidənqurmanı deyil, həm də bərpa prosesinin insani tərəfini, ailələrin geri dönüşünü, icmaların yenidən qurulmasını və ümidin bərpasını göstərir".O bildirib ki, media nümayəndələri, dövlət qurumları, təşkilatlar və yerli icmalar arasında əməkdaşlıq olduqca vacibdir:"Daha güclü kommunikasiya daha güclü ictimai maarifləndirmə yaradır, daha güclü ictimai maarifləndirmə isə daha güclü şəhərlərin qurulmasına kömək edir.Sonda demək istərdim ki, şəhərlər beton və poladla qurulur, lakin dayanıqlı cəmiyyətlər etimad, dialoq və qarşılıqlı anlayış üzərində formalaşır. Medianın bu anlayışın yaranmasında çox mühüm rolu var". Gülbəniz Hüseynli / Metbuat.az