Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında qalmaqallar səngimək bilmir. Partiyanın bəzi bələdiyyələrində korrupsiya və rüşvət iddiaları, eləcə də qurultay prosesində “şaibə” müzakirələri gündəmdə qalarkən, CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlu partiyaya növbəti dəfə “təizlənmə” çağırışı edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 1-nə təxirə salınan “mutlaq butlan” (mütləq hökümsüzlük) məhkəmə işi öncəsi sosial media hesabında videomüraciət yayımlayan Kılıçdaroğlu, partiya rəhbərliyinə açıq mesaj göndərib.
O, xüsusilə CHP sədri Özgür Özel və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu ünvanına sərt mesajları ilə diqqət çəkib.
Kılıçdaroğlu çıxışında bildirib: “CHP haramın və çirklənmişliyin sığınacağı əsla və əsla ola bilməz. Lazım gəldikdə öz daxilində təmizlənməyi də bacarmalıdır.”
Keçmiş CHP lideri siyasətdə əxlaq və vicdanın önəmini vurğulayaraq deyib ki, çirklənən siyasət əvvəlcə vicdanı, sonra mənəviyyatı məhv edir, sonda isə xalqın ruzisinə göz dikir.
Onun sözlərinə görə, siyasəti təmiz saxlamaq bütün siyasətçilərin namus borcudur, lakin bu məsuliyyət ən çox CHP üzvlərinin üzərinə düşür: “CHP böyük bir çinar ağacıdır. Bu partiya xalqın yoxluq içində ayağa qalxma iradəsidir. Təzyiqlər görüb, amma heç vaxt təslim olmayıb.”
Kılıçdaroğlu həmçinin bildirib ki, CHP yalnız siyasi təşkilat deyil, Mustafa Kemal Atatürk tərəfindən qurulmuş tarixi və mənəvi bir mirasdır: “Bu əmanət çirkləndirilə bilməz. CHP-nin kölgəsi haramın və korrupsiyanın sığınacağı ola bilməz.”
Sabiq lider çıxışında ona qarşı təzyiq göstərildiyini də iddia edib: “Məndən susmağımı və ya başqa cür danışmağımı gözləyənlər var. Məni yaxşı dinləyin: Kemal Kılıçdaroğlu nə partiyasının, nə də xalqın maraqlarını şəxsi mənfəəti üçün alver predmetinə çevirər.”
O əlavə edib ki, ömrünü “ədalət mübarizəsinə” həsr edib və heç vaxt “haram tikə” yemədiyini vurğulayıb: “İftira və təhdidlər mənə təsir etməz. Mən həqiqətin yanında dayanaram.”
Kılıçdaroğlunun bu çıxışı Türkiyə siyasətində yeni daxili gərginliklərin başlanğıcı kimi qiymətləndirilir. CHP daxilində rəhbərlik uğrunda mübarizə və korrupsiya iddiaları fonunda səslənən bu mesajların qarşıdakı günlərdə partiya daxilində yeni polemikalara səbəb olacağı gözlənilir.
Elman
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.