Bu gün romantizm hərəkatının ən güclü nümayəndələrindən biri, məşhur fransız yazar, şair və səyyah Jerar de Nervalın doğum günüdür.
Kulis.az onun şeirlərini Hamlet Qocanın tərcüməsində təqdim edir.
DAYANACAQ
Səfər vaxtı ən gözəl yer dayanacaqdır,
İki mənzil arasına aləm düzülür.
Atlar çəkir, yol uzanır, qamçı səslənir,
Göz görməkdən doyur, bədən üzülür.
Dayanacaq - göz oxşayan gözəl bir çəmən,
Əlvan gül-çiçəyə bürünüb aləm.
Qovaq kölgəsində bulaqlar sızır,
Yolun yorğunluğu uçur gözündən.
Uzan bu çəməndə, həyatı dinlə,
Ləzzət al güllərin təravətindən,
Göyü heyran-heyran süzdüyün zaman
Bir səda gələcək yerdəkilərdən:
"Yolçu yolda gərək, getdik, ay adam!"
LÜKSEMBURQ XİYABANI
Bir qız çıxdı yoluma,
Süzdü qaranquş kimi.
Əlində əlvan çiçək,
Dilində şirin nəğmə,
Oda saldı qəlbimi.
Bəlkə onu gəzmişəm,
Sınayıb neçəsini.
İndi bircə baxışla,
İşığa qərq edəcək
Ömrümün gecəsini.
Heyif, keçib gəncliyim,
Çoxdan vidalaşdığım
Şirin bir xəyaldı bu.
Gənclik, gözəllik olur
Qocalığın arzusu...