AZ

ABŞ-ın nüvə mütəxəssisləri Ermənistana buna görə gəliblər

Ermənistanda seçki kampaniyasının qızışdığı bir vaxtda ABŞ-nin nüvə mütəxəssisləri İrəvana gəliblər. Erməni mediası yazır ki, səfərdə məqsəd Ermənistanda kiçik modul reaktor (SMR) tikilməsi imkanları və texniki perspektivləri müzakirə olunub.

Qeyd etmək lazımdır ki, səfər Ermənistanın yeni nüvə enerji bloku üçün texnologiya seçimi ilə bağlı vacib bir qərarla üzləşdiyi bir vaxtda baş tutur.  Maraqlıdır ki, hakim Mülki Müqavilə Partiyasının seçki proqramında 2027-ci ilin sonuna qədər yeni nüvə enerji bloku üçün texnologiyanın son seçimini dəqiqləşdirmək və həyata keçirmək planlaşdırılır. Eyni zamanda, proqramın 75-ci bəndində Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin 2026-2036-cı illər üçün ikiqat artırılması nəzərdə tutulur ki, bu da Ermənistanın hələ də Rusiyanın nüvə texnologiyalarından istifadə etməyə davam edəcəyi deməkdir. Lakin  mənbənin sözlərinə görə, qarşıdan gələn seçkilərdən əvvəl hakim siyasi qüvvə və seçkilərdə iştirak edən Qərbyönümlü qüvvələr bu mövzunu yenidən fəal şəkildə istismar etməyə çalışacaq və Ermənistanın artıq Amerika variantını seçməyə meylli olduğu tezisini yayacaqlar. Xatırladaq ki, 9 fevral 2026-cı ildə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti C.D.Vens nüvə enerjisi sektorunda əməkdaşlıq üzrə “1, 2, 3 Sazişi” üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanat imzalayıblar. Vens əmin edib ki, sənəd tam təsdiqləndikdən sonra Amerika və Ermənistan şirkətlərinin mülki nüvə layihələri üzrə müqavilələr imzalamasına yol açacaq.

Qabil

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, ABŞ nüvə mütəxəssislərinin İrəvana səfəri təsadüfi hadisə deyil. Bu, son aylarda Vaşinqtonla İrəvan arasında nüvə enerjisi sahəsində formalaşan yeni strateji xəttin davamı kimi görünür:

“Xüsusilə 2026-cı ilin fevralında ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair memorandumun imzalanması fonunda bu səfər daha ciddi siyasi və texniki məna daşıyır. Məsələ ondadır ki, Ermənistan Metsamor AES-in istismar müddətinin sonuna yaxınlaşdığı şəraitdə yeni enerji modeli axtarır. Moskvanın dominant rolundan çıxmaq istəyən Paşinyan hakimiyyəti enerji təhlükəsizliyini tədricən Qərblə inteqrasiya üzərindən qurmağa çalışır. Kiçik modul reaktorlar – SMR texnologiyası isə ABŞ üçün həm enerji, həm də geosiyasi təsir alətidir. Bu baxımdan ABŞ mütəxəssislərinin İrəvana göndərilməsi Vaşinqtonun layihəyə real maraq göstərdiyini təsdiqləyən əlamət sayıla bilər. Çünki nüvə layihələrində ilkin texniki qiymətləndirmə mərhələsinə keçid siyasi qərarın artıq müəyyən qədər formalaşdığını göstərir. Adətən belə səfərlər yalnız ümumi niyyət deyil, konkret texniki-iqtisadi əsaslandırma, təhlükəsizlik infrastrukturu, maliyyələşmə imkanları və kadr hazırlığı kimi məsələlərin praktik müzakirəsi üçün təşkil olunur”.

Politoloq hesab edir ki, ABŞ Ermənistanı regionda Rusiyanın enerji asılılığından uzaqlaşdırmaq istəyir:

“Moskva isə açıq şəkildə Amerikanın Ermənistana təklif etdiyi SMR texnologiyalarına skeptik yanaşır və onların “kağız üzərində” olduğunu iddia edir. Bu isə göstərir ki, məsələ artıq sadəcə enerji layihəsi deyil, ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqazdakı yeni mərhələsinə çevrilir”.

Politoloq qeyd edib ki, Ermənistanda 7 iyun seçkilərindən sonra prosesin sürətlənməsi ehtimalı kifayət qədər yüksəkdir:

“Əgər Nikol Paşinyan hakimiyyətini qoruyarsa, ABŞ-la nüvə əməkdaşlığı siyasi legitimlik qazanacaq və layihə texniki mərhələdən institusional mərhələyə keçə bilər. ABŞ şirkətlərinin və ekspert qruplarının Ermənistanda fəaliyyəti genişlənəcək. Amma burada ciddi maneələr də var. Birincisi, SMR texnologiyası hələ dünyada tam genişmiqyaslı kommersiya modelinə çevrilməyib. İkincisi, Ermənistanın maliyyə imkanları belə layihəni təkbaşına reallaşdırmağa kifayət etmir. Üçüncüsü, Rusiya Ermənistanda nüvə və enerji sektorundakı təsirini asanlıqla itirmək istəməyəcək”.

 

Etibar Seyidağa,
Musavat.com

Seçilən
80
50
musavat.com

10Mənbələr