AZ

Dünya erməniliyinin növbəti kampaniyası iflasa uğradı-Azərbaycan tarixini yazmağa davam edir  

"Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın artan nüfuzunun növbəti təsdiqi oldu. 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən forum miqyasına görə bu günədək keçirilmiş ən geniş tədbir kimi tarixə düşdü. COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 Azərbaycanın qlobal həmrəylik, çoxtərəfli əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq üçün etibarlı platforma statusunu bir daha nümayiş etdirdi".

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyildi: “Bu qərar Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və qlobal təşəbbüslərə verdiyi töhfələrin məntiqi nəticəsi idi. Müasir dünyada böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün yalnız inkişaf etmiş infrastruktur kifayət etmir. Bunun üçün siyasi sabitlik, təhlükəsizlik, təşkilati məsələlərlə bağlı peşəkarlıq, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq və yüksək idarəçilik qabiliyyəti tələb olunur. Azərbaycan bütün bu meyarlara cavab verən ölkə kimi artıq özünü dəfələrlə sübut edib. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, Qoşulmama Hərəkatının Zirvə görüşü, beynəlxalq idman yarışları, enerji forumları və nəhayət COP29 kimi qlobal tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarının yüksək səviyyəsini bütün dünyaya nümayiş etdirib. WUF13 də bu uğurlu ənənənin davamı oldu”.

S.Salmanova bildirib ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Prezident İlham Əliyevin uzaqgörən siyasəti və strateji liderliyi dayanır: “Son illərdə həyata keçirilən ardıcıl islahatlar, genişmiqyaslı infrastruktur layihələri, iqtisadi modernləşmə proqramları və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizi regionun lider dövlətinə çevirməklə yanaşı, qlobal miqyasda da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yalnız enerji sahəsində deyil, nəqliyyat, logistika, rəqəmsal transformasiya, yaşıl enerji və şəhərsalma istiqamətlərində də mühüm nailiyyətlər əldə edib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünya Azərbaycanın təcrübəsini öyrənir, ölkəmizin həyata keçirdiyi layihələri müasir inkişaf modeli kimi qiymətləndirir. BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan WUF13-ün Azərbaycanaəda keçirilməsi də beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf strategiyasına verdiyi yüksək qiymətin təzahürüdür".

Deputat qeyd edib ki, forum çərçivəsində ən çox maraq doğuran mövzulardan biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramları oldu: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq beynəlxalq ekspertlər tərəfindən müasir şəhərsalma və dayanıqlı inkişaf nümunəsi kimi qiymətləndirilir. Otuz ilə yaxın müddətdə sistemli şəkildə dağıdılmış şəhər və kəndlərin qısa zaman ərzində yenidən qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji əsaslı infrastrukturun yaradılması, müasir nəqliyyat şəbəkələrinin qurulması və insanların doğma torpaqlarına qayıdışının təmin olunması dünya praktikasında nadir rast gəlinən uğurlu nümunələrdəndir. Bu gün Zəngilan, Laçın, Füzuli, Şuşa, Xankəndi və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan sadəcə dağıdılmış əraziləri bərpa etmir, gələcəyin şəhərlərini və yaşayış məkanlarını qurur. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının və dövlət siyasətinin real nəticəsidir. Əgər bir vaxtlar Qarabağ və Şərqi Zəngəzur dağıntılar məkanı kimi tanınırdısa, bu gün həmin ərazilər innovativ şəhərsalma, ekoloji dayanıqlılıq və müasir idarəetmə prinsiplərinin tətbiq olunduğu nümunəvi inkişaf regionuna çevrilməkdədir”.

Parlamentari sonda vurğulayıb ki, WUF13-ün uğurla keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqidir: “Forum göstərdi ki, Azərbaycan yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində də mühüm rol oynayan məsuliyyətli dövlətdir. Bakının dünya urbanizasiya gündəminin əsas müzakirə meydanına çevrilməsi, minlərlə iştirakçının ölkəmizə səfəri, aparılan müzakirələr və əldə olunan nəticələr Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və dünyada artan nüfuzunun parlaq göstəricisidir.Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan bu gün həm quruculuq, həm inkişaf, həm də beynəlxalq əməkdaşlıq modeli kimi qəbul olunur. WUF13 isə bu reallığın növbəti təsdiqi olmaqla ölkəmizin qlobal nüfuz salnaməsinə yazılmış daha bir mühüm uğur səhifəsidir”.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
26
50
musavat.com

10Mənbələr