AZ

"İlham Əliyevin liderliyi ilə Azərbaycan dağıntıları inkişaf və modernləşmə məkanına çevirdi"

BAKI, 22 may. TELEQRAF

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yalnız beynəlxalq tədbir kimi deyil, həm də qlobal urban gündəliyin müəyyənləşdirilməsində mühüm siyasi və strateji platforma kimi tarixə düşür. Forum çərçivəsində qəbul olunan sənədlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər göstərdi ki, müasir şəhərsalma siyasətində dayanıqlı inkişaf, “ağıllı şəhər” yanaşması, yaşıl enerji və insan mərkəzli urbanizasiya artıq əsas prioritetlər sırasındadır.

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir:
"Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz qlobal miqyasda yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də müasir şəhərsalma və dayanıqlı inkişaf modeli ilə diqqət mərkəzinə çıxmaqdadır. WUF13-ün Bakıda keçirilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının və hörmətinin göstəricisidir. Forum zamanı təqdim olunan Azərbaycan təcrübəsi xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və yenidənqurma layihələri fonunda böyük maraq doğurdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması artıq beynəlxalq səviyyədə nümunəvi model kimi qiymətləndirilir. Məhz Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan postmünaqişə dövründə dağıntıları qısa müddətdə inkişaf və modernləşmə məkanına çevirməyi bacaran dövlət nümunəsi ortaya qoyub".

Deputat bildirib ki, bu gün azad edilmiş ərazilərdə qurulan yeni şəhərlər, müasir yollar, hava limanları, sosial infrastruktur və ekoloji yanaşmalar gələcəyin urban inkişaf konsepsiyasının praktik təcəssümüdür. WUF13 çərçivəsində qəbul olunan sənədlərin və verilən mesajların əsas mahiyyəti də məhz dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin formalaşdırılmasıdır. Azərbaycan isə bu istiqamətdə artıq nəzəri deyil, real praktiki model təqdim edən ölkələr sırasında yer alır. Bütün bunlar göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qlobal urban inkişaf gündəliyinin formalaşmasına təsir edən mühüm aktorlardan birinə çevrilib və dünya miqyasında quruculuq nümunəsi kimi qəbul olunur.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr