Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzu, təşkilatçılıq imkanları və qlobal əməkdaşlığa verdiyi töhfənin növbəti mühüm təsdiqi oldu.

Azərbaycan artıq qlobal urbanizasiya gündəliyini formalaşdıran ölkələrdən biridir
176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı WUF13-ün tarixində ən genişmiqyaslı sessiya kimi yadda qaldı. Bu forum təkcə miqyası ilə deyil, siyasi, humanitar və strateji əhəmiyyəti ilə də xüsusi önəm daşıyır. COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirin məhz Bakı tərəfindən uğurla təşkil edilməsi ölkəmizin qlobal platformalarda artan rolunu nümayiş etdirdi. Bakı bir daha beynəlxalq həmrəyliyi, çoxtərəfli əməkdaşlığı və sivilizasiyalararası dialoqu təşviq edən mühüm mərkəz kimi çıxış etdi. Prezident İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin fəlsəfəsini və strateji baxışını ortaya qoydu. Prezident çıxışında Bakının qədimliklə müasirliyin harmonik vəhdətini əks etdirən şəhər olduğunu vurğuladı. İçərişəhərdən başlayaraq müasir Ağ şəhərə qədər uzanan inkişaf xətti Azərbaycanın öz tarixi irsinə sadiqliyini qorumaqla modern şəhər konsepsiyasını uğurla tətbiq etdiyini göstərir.
Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artıq mühüm aktora çevrildiyini təsdiqləyir. WUF13-ün Azərbaycana həvalə olunması ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan artıq yalnız beynəlxalq təşəbbüslərdə iştirak edən ölkə deyil, həm də qlobal gündəliyin formalaşmasına töhfə verən dövlətdir. Forum çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlərin Bəyanatları Sessiyası xüsusi diqqət çəkdi. Bu, Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə idi ki, belə format tətbiq edilirdi. Sessiyada 27 dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı Azərbaycanın artan siyasi nüfuzunun və beynəlxalq dialoq platforması rolunun göstəricisidir. Liderlərin Bəyanatları Sessiyası WUF13-ün siyasi çəkisini daha da artırdı. Bu təşəbbüs Azərbaycanın strateji məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək bacarığını nümayiş etdirdi. Liderlərin çıxışlarında Azərbaycana göstərilən qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə verilən qiymət ölkəmizin beynəlxalq nüfuzunun ifadəsi idi.

Azərbaycan nümunəsi
WUF13 çərçivəsində Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasəti xüsusi maraq doğurdu. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri artıq beynəlxalq səviyyədə öyrənilən və müzakirə olunan modelə çevrilib. Azərbaycan heç bir xarici yardım olmadan, öz maliyyə və insan resursları hesabına dağıdılmış şəhər və kəndləri yenidən qurur. Prezident İlham Əliyevin çıxışında Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfi deyildi. 30 il ərzində məqsədli şəkildə dağıdılmış şəhərlərin yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi ədalətin bərpasıdır. Bu gün Ağdam, Füzuli, Zəngilan, Şuşa və digər şəhərlərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü və siyasi iradəsini nümayiş etdirir.
Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr insanların təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını təmin etməyə yönəlib. Burada söhbət yalnız evlərin tikilməsindən getmir. Məktəblər, xəstəxanalar, yollar, hava limanları, sənaye zonaları, enerji infrastrukturu yaradılır. İnsanların məşğulluğu, sosial rifahı və uzunmüddətli yaşayışı əsas prioritet kimi götürülür.
“Ağıllı şəhər və ağıllı kənd konsepsiyası Azərbaycanın gələcək modelidir
Azərbaycanın təqdim etdiyi əsas innovativ yanaşmalardan biri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası oldu. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. Günəş və alternativ enerji mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemləri, yaşıl infrastruktur və ekoloji yanaşmalar Azərbaycanın gələcək şəhər modelini formalaşdırır. Forum iştirakçıları Azərbaycanın bu istiqamətdəki təcrübəsinə böyük maraq göstəriblər. WUF13 çərçivəsində bir çox beynəlxalq nümayəndələr Azərbaycanın postmünaqişə bərpası modelinin digər ölkələr üçün də faydalı ola biləcəyini qeyd etdilər. Bu, ölkəmizin yalnız regional deyil, qlobal miqyasda da təcrübə paylaşan aktora çevrildiyini göstərir.

Prezident İlham Əliyevin uzaqgörən liderliyi
Nazirlər görüşünün yekununda qəbul edilən “Sədrin xülasəsi” sənədi xüsusi əhəmiyyət daşıyır. Həmin sənəddə Prezident İlham Əliyevin uzaqgörən liderliyi xüsusi vurğulanır, Azərbaycanın postmünaqişə bərpası sahəsində fəaliyyəti yüksək qiymətləndirilir və ölkəmizlə həmrəylik ifadə olunur. Bu, Azərbaycanın beynəlxalq etimad qazandığını göstərən mühüm siyasi sənəddir. Azərbaycanın təşəbbüsü ilə milli şəhərsalma forumlarının təşviqi də mühüm addımdır. Bu təşəbbüs müxtəlif ölkələr arasında qabaqcıl təcrübələrin paylaşılması və tərəfdaşlığın gücləndirilməsi baxımından olduqca aktualdır.
WUF13 Azərbaycanın qalıcı beynəlxalq irs layihəsinə çevrilir
Forum çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanin təşəbbüsü ilə keçirilən yüksəksəviyyəli tədbir də xüsusi əhəmiyyət daşıyır. Təmiz hava və yaşıl infrastruktur mövzusuna həsr olunmuş tədbirin yekununda qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” sənədi gələcək şəhərsalma siyasəti üçün mühüm istiqamətlər müəyyən edir. Təmiz hava məsələsinin gələcək forumların gündəliyində daimi mövzu kimi təsbit olunması çağırışı Azərbaycanın ekoloji gündəliyə verdiyi töhfənin göstəricisidir.
Bakı Şəhər Mükafatının təsis olunması da Azərbaycanın qlobal şəhərsalma gündəliyinə töhfəsinin davamlı xarakter aldığını göstərir. Azərbaycan COP29-da olduğu kimi, WUF13-də də öz qalıcı irsini yaradır. Bu artıq təkcə bir tədbirin təşkili deyil, uzunmüddətli beynəlxalq platformanın formalaşdırılması deməkdir. Forum çərçivəsində tətbiq olunan innovativ idarəetmə və təşkilati yanaşmalar beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında gələcək forumların keçirilməsi üçün Bakı standartlarına əsaslanan əməliyyat təlimatlarının hazırlanmasına dair Niyyət Məktubunun imzalanması çox mühüm hadisədir. Bu, Azərbaycanın artıq beynəlxalq tədbirlərin təşkili sahəsində standart formalaşdıran ölkələrdən birinə çevrildiyini göstərir.
WUF13 Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Bu Forum bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun deyil, qlobal səviyyədə strateji təşəbbüslərin, beynəlxalq dialoqun və dayanıqlı inkişaf gündəliyinin aparıcı iştirakçılarından biridir.