AZ

Hökümətin “kombi” qərarı: Aylıq xərc cibimizdə qalacaq?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.

Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir. Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. 

Qeyd edək ki, son illər tikilən yeni binaların demək olar ki, hamısı hündürmərtəbəlidir. Həmin binalarda isə istilik sistemi kimi sakinlər kombi aparatlarından istifadə edirlər.

Hazırda 3871 bina, ümumilikdə isə 185 mindən çox mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Yeni tikiləcək yaşayış binalarındakı mənzillərdə fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı qaydalar mənzillərin qiymətinə necə təsir edəcək?

 Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, çoxmənzilli yaşayış binalarının, köhnə binaların bir hissəsində mərkəzi istixana sistemi var: 

“Yəni mənzili dövlət istilik sistemi ilə isitmək mümkündür. Ancaq böyük bir qismində yoxdur. Bu zaman vətəndaşlar hər biri öz mənzilinə məcburi olaraq kombi aparatları qoyurlar. Kombi aparatlarının orta qiyməti 1000 manatdır. Eyni zamanda, onun çəkilmə xərcləri var. 

Kombi aparatı işlədikcə, evin ümumi sahəsinə uyğun olaraq təxminən 50 manatdan bir neşə yüz manata qədər aylıq qaza pul xərclənir. Ancaq mərkəzi istixanalar işə düşdükdən sonra artıq vətəndaşlar həmin aylıq ödəmələrdən xilas olacaqlar. Sadəcə mövsümi aylıq bəlli bir ödəniş edəcəklər”. 

O qeyd edib ki, Bakıda bu gün 1 milyona yaxın daşınmaz əmlak var:

“Onların da böyük bir hissəsi mənzillərdir. Hər bir mənzildə kombidən çıxan zəhərli qaz ekologiyanı bərbad günə qoyub. Digər tərəfdən, həmin kombilərin yığışdırılması da təbiətin, ekologiyanın qorunmasıdır. 

Fərdi yaşayış evlərində onsuz da mərkəzi istilik sistemi yoxdur. Vətəndaşlar kondensioner, kombi aparatları və digər üsullarla evi isidirlər”. 

Ekspertin sözlərinə görə, yeni qərarla bağlı əsas məsələ mərkəzi istilik sistemlərinin qurulmasıdır: 

“Eləcə də bu, istixanalara gələn su və qaz xətlərinin çəkilişi ilə bağlıdır, sistemin yaradılmasındadır. Digər  tərəfdən,  vətəndaş mənzildə işlətdiyi qaza fiziki şəxs olaraq ödəniş edir.   Ancaq binanın həyətində istixana qurulanda fiziki şəxs kimi yox, kommersiya subyekti kimi ödəniş edir. 

Bu da ikiqat qiymətə başa gəlir. İstixanaların daha yaxşı fəaliyyəti, vətəndaşların mənzillərinə normal istilik verməsi üçün lazımdır ki, onlara verilən qazın qiyməti də fiziki şəxslər üçün nəzərdə tutulan qiymətlərə verilsin. 

Çünki onlar oradan biznes kimi deyil, yalnız vətəndaşların mənzilinin qızdırılması üçün istifadə edirlər. Evlərin qiyməti ilə bir əlaqəsi yoxdur. Əksinə, mənzil sahiblərini aylıq kombiyə ödədikləri əlavə xərcdən azad edəcək”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Açar sözlər:

kombi Elnur Fərzəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr