Boliviyada Prezident Rodrigo Pas hökumətinin istefası tələbi ilə üç həftədir davam edən etiraz aksiyaları daha da genişlənib.
Etirazçı fəhlə və kəndlilər ölkənin 9 inzibati bölgəsində ümumilikdə 59 nöqtədə barrikadalar quraraq yolları bağlayıblar.
İctimai İşlər naziri Maurisio Zamora açıqlamasında bildirib ki, etirazçıların konvoya dinamit və daşlarla hücum etməsi səbəbindən əməliyyat yarımçıq dayandırılıb:
“Əleyhimə təşkil edilən üçüncü pusudan sonra hazırda La-Pasdəyəm. Keçə bildik və səhər saat 02:00 radələrində şəhərə çatdıq”.
Prezident Rodrigo Pas isə açıqlamasında böhranın dialoq yolu ilə həllini istədiyini desə də, lazım gələrsə konstitusiyanın ona verdiyi fövqəladə vəziyyət elan etmək səlahiyyətindən istifadə edə biləcəyini bildirib.
Boliviyanın keçmiş prezidenti Evo Morales hökuməti böhrandan çıxmaq üçün 90 gün ərzində növbədənkənar seçki keçirməyə çağırıb:
“Hökumət ya təzyiqləri artıracaq, ya da ölkəni sakitləşdirmək üçün keçid prosesinə başlayaraq 90 gün ərzində seçkiyə gedəcək. Rodrigo Pas təsadüf nəticəsində prezident olub, onun nə siyasi proqramı, nə də dayanıqlı siyasi strukturu var. Ölüm və yaralanmaların qarşısını almaq üçün keçid hökuməti qurulmalıdır”.
Boliviyada son 40 ilin ən ağır iqtisadi böhranına qarşı keçirilən etiraz aksiyaları artıq üçüncü həftəsini geridə qoyub. Prezident Pasın istefasını tələb edən fəhlə və kəndlilər başda inzibati paytaxt La-Pas olmaqla bir çox şəhərdə təhlükəsizlik qüvvələri ilə toqquşublar.
Hökumətin istefasını tələb edən etirazçılara qarşı əməliyyatlar zamanı saxlanılanların sayının 120-yə çatdığı bildirilib.
Pas hökuməti isə baş verən hadisələrə görə haqqında həbs qərarı çıxarılan keçmiş prezident Evo Moralesin tərəfdarlarını məsul tutur.