AZ

Bloomberg: Səudiyyə Ərəbistanı Hörmüz böhranından faydalanıb...

Neft qiymətlərinin yüksəlməsi və alternativ marşrutlar krallığın logistik mövqeyini gücləndirib...

Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanı ətrafında yaranmış regional gərginlik və Hörmüz boğazı böhranı fonunda iqtisadi üstünlük əldə edib. “Bloomberg”in məlumatına görə, neft qiymətlərində müşahidə olunan artım krallığın gəlirlərini yüksəldib, eyni zamanda ölkənin Qırmızı dəniz sahili enerji və ticarət daşımaları üçün mühüm alternativ marşruta çevrilib.

Məlumata əsasən, müharibənin ilk tam ayı ərzində Səudiyyə Ərəbistanının neft ixracından əldə etdiyi gəlirlər 24,7 milyard dollara çatıb ki, bu da son üç ildən artıq dövr üzrə ən yüksək göstərici hesab olunur. Bu artımda neft qiymətlərinin yüksəlməsi ilə yanaşı, ölkənin uzun illər əvvəl yaradılmış alternativ enerji infrastrukturu da mühüm rol oynayıb.

Söhbət İran-İraq müharibəsindən sonra inşa edilmiş Şərq–Qərb neft kəmərindən gedir. Həmin marşrut vasitəsilə krallıq nefti Hörmüz boğazından keçmədən ixrac edə bilir. Bu isə regional təhlükəsizlik risklərinin artdığı dövrdə enerji tədarükünün davamlılığını təmin edən əsas vasitələrdən biri kimi qiymətləndirilir.

Bununla yanaşı, böhran Ər-Riyad rəhbərliyinin Asiya, Afrika və Avropa arasında böyük logistika mərkəzinə çevrilmək planlarını da sürətləndirib. Səudiyyə limanları üzərindən, xüsusilə Qırmızı dəniz marşrutu ilə yük tranzitinin artdığı bildirilir. Hakimiyyət həmçinin futuristik şəhər layihəsi olan NEOM çərçivəsində logistika imkanlarının genişləndirilməsini nəzərdən keçirir.

Lakin regionda rəqabət də güclənir. Birləşmiş Ərəb Əmirlikləri və Oman alternativ ticarət və enerji marşrutlarının inkişafına sərmayələri artırır. Digər tərəfdən, Qırmızı dəniz istiqamətində təhlükəsizlik riskləri tam aradan qalxmayıb. Xüsusilə, Husilər tərəfindən mümkün təhdidlər regiondakı daşımalar üçün əlavə risk faktoru olaraq qalır.

“Bloomberg” qeyd edir ki, Hörmüz boğazı tam fəaliyyətini bərpa etsə belə, beynəlxalq yük axınının müəyyən hissəsi uzun müddət alternativ marşrutlarda qala bilər. Bu isə regional logistika xəritəsində yeni iqtisadi balansın formalaşmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr