AZ

Rusiyada internet məhduduiyyəti Putinin əleyhinə işləməyə başlayıb

Kremlin internet məhdudiyyətləri Rusiya cəmiyyətində narazılığı artırıb və bu Putin hakimiyyəti üçün yeni risklər yaradır...

Müəllif: Nataşa Lindstedt
Forbes nəşri, ABŞ

Vladimir Putin üçün problem yaranıb. Televiziya təbliğatına təxminən 3 milyard dollar xərclənməsinə baxmayaraq, Putin Rusiyada istədiyi qədər populyar deyil. Rusiyanın Ukraynaya müdaxiləsindən dörd ildən çox vaxt keçməsinə baxmayaraq, müharibə hələ də davam edir. Donbas üzərində tam nəzarəti ələ keçirməyə çalışan Rusiya, ekspertlərin getdikcə daha çox illərlə davam edəcəyini bildirdiyi bu proses fonunda Kiyevə “Oreşnik” hipersəs raketindən istifadə etməklə kütləvi zərbə endirib. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri müharibə başlayandan bəri ən iri hücumlardan biri zamanı 549 pilotsuz uçuş aparatını və 55 raketi zərərsizləşdirib.

Bu, bəlkə də Putinin reytinq problemlərindən diqqəti yayındırmaq cəhdi ola bilər. Avtoritar rejimlər legitimlik nümayiş etdirmək üçün təbliğat aləti kimi ictimai rəy sorğularına böyük əhəmiyyət verirlər. Lakin hətta Rusiyanın dövlət sorğu mərkəzləri olan VTsIOM və İctimai Rəy Fondu da Putinin bəyənilmə reytinqinin fevralda 74 faizdən apreldə 65,6 faizə düşdüyünü qeydə alıb. Eyni dövrdə ona etimad səviyyəsi də 7 bənd azalaraq 71 faizə enib. Demokratik ölkələr üçün bu göstəricilər yüksək sayılsa da, Rusiya üçün bu, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından bəri ən aşağı səviyyədir. Sorğu metodologiyasının mənzillərdə aparılan müsahibələrə dəyişdirilməsi belə reytinqi cəmi bir bənd yüksəldə bilib.

Avtoritar şəraitdə sorğu keçirməyin nə qədər çətin olduğu yaxşı məlumdur. İnsanlar həssas məsələlər üzrə real fikirlərini açıq şəkildə bildirməkdən çəkinirlər, çünki nəticələrdən qorxurlar. Vətəndaşlar çox vaxt həqiqi mövqelərini gizlədir və saxta loyallıq nümayiş etdirirlər. Bu isə diktatora real dəstəyin olduğundan xeyli yüksək görünməsinə səbəb olur. Bundan başqa, ciddi şəkildə nəzarət olunan informasiya mühitində vətəndaşların dəqiq və ya tənqidi məlumatlara çıxışı məhduddur.

Rusiyada mütəmadi müstəqil sorğular keçirən yeganə təşkilat olan Levada Mərkəzi göstərir ki, Ukrayna ilə müharibə başlanğıcda Putinin reytinqini 2020-ci ildəki 59 faiz minimumundan 87 faizə yüksəldib. Lakin Mərkəzin məlumatına görə, dəstək səviyyəsi hələ də çox yüksək olsa da, son aylarda bu göstərici 8 bənd azalıb.

Putinin reytinqində zəifləmənin səbəbləri

İlk baxışda Putinin reytinqinin azalmasının əsas səbəbinin uzanan Ukrayna müharibəsi olduğu düşünülə bilər. 2022-ci ildə yaxınları müharibədə iştirak edən rusların payı 15 faiz idisə, indi bu göstərici ölkə əhalisinin təxminən üçdəbirinə yaxınlaşır.

Ölkə əhalisinin yarısı elektrik və istilik kəsintiləri, dərman çatışmazlığı və pilotsuz aparat hücumları ilə üzləşir. Bundan əlavə, rusların 70 faizədək hissəsi Ukrayna dronlarının çatdığı ərazilərdə yaşayır.

Digər tərəfdən, Ukrayna müharibədə qalib gəlməsə də, Putinin gözlədiyindən daha uğurlu müqavimət göstərib və daha hücumçu taktikalara keçib. Adətən təmtəraqlı keçirilən 9 May Qələbə paradı belə Ukrayna dronları ilə bağlı təhlükələr səbəbindən qısaldılıb.

Yaxud da ola bilər ki, ruslar artıq inflyasiyadan yorulublar. Ukraynaya müdaxilədən sonra sanksiyalar səbəbindən qiymətlər davamlı şəkildə artmağa başlayıb. Böyük dövlət xərcləri əvvəlcə iqtisadi problemlərin təsirini gizlədə bilsə də, sonradan vəziyyət daha da ağırlaşıb. Maaşlar inflyasiya tempinə çatmayıb, 2026-cı ilin əvvəlində supermarketlərdə qiymətlər 2,3 faiz artıb.

Lakin Kremlin vəziyyətini daha da ağırlaşdıran məsələ odur ki, sorğuda iştirak edən ruslar real inflyasiyanı təxminən 15 faiz qiymətləndirirlər. Apreldə sorğuda iştirak edənlərin yarıdan çoxu inflyasiyanı “çox yüksək”, daha 30 faizi isə “orta səviyyədə” adlandırıb.

Bununla belə, rusları ən çox narahat edən məsələ internet məhdudiyyətləri, o cümlədən Telegram və VPN xidmətlərinin bloklanması olub. Bu proses əslində 2025-ci ilin mayında başlasa da, 2026-cı ilin aprelindən daha genişmiqyaslı və tez-tez tətbiq edilməyə başlayıb.

Hətta Ukrayna müharibəsini açıq şəkildə dəstəkləyən rus influenserlər belə Putinin ətrafındakı elitaları ehtiyatlı şəkildə tənqid etməyə başlayıblar. Bu isə göstərir ki, internetin kəsilməsi, Ukrayna müharibəsindən daha çox, son hədd rolunu oynayıb. Xüsusilə kiçik biznes ciddi zərbə alıb, çünki müştərilərlə əlaqə saxlamaq demək olar ki, mümkünsüzləşib. İnternetin kəsilməsi təkcə siyasi opponentləri və etiraz qruplarını deyil, bütövlükdə cəmiyyəti cəzalandıran kollektiv tədbirə çevrilib.

Əvvəllər Rusiya sadəcə müəyyən platforma və saytları bloklayırdı, bu strategiya “qara siyahı” modeli adlanırdı. İndi isə legitimliyin zəifləməsinin göstəricisi kimi ölkə “ağ siyahı” modelinə keçib. Bu modeldə demək olar ki, hər şey bloklanır, yalnız seçilmiş xidmətlər işlək saxlanılır və bu, hakimiyyətə daha sərt infrastruktur nəzarəti imkanı verir.

İnternetin kəsilməsi adətən son dərəcə repressiv avtoritar rejimlərin xarakterik xüsusiyyətlərindən hesab olunur. İran seçkilər və etirazlar zamanı dəfələrlə interneti məhdudlaşdırıb, Qabon hərbi çevrilişdən sonra interneti bağlayıb, Kuba isə etirazlardan sonra internet məhdudiyyətləri tətbiq edib və qismən kəsintilər adada adi hala çevrilib. Geridə qalmayan ölkələrdən biri də Myanma olub, burada dünyanın ən sərt internet məhdudiyyətlərindən bəziləri qüvvədədir.

Bu, pandemiyadan sonra daha da güclənən qlobal meylin bir hissəsidir. 2021-ci ildə 34 ölkədə 182 internet kəsintisi qeydə alındığı halda, 2025-ci ildə 52 ölkədə azı 313 belə hadisə baş verib və bu, milyardlarla dollar iqtisadi itkiyə səbəb olub. Aparılan araşdırmalardan biri göstərib ki, 2019–2021-ci illərdə 46 ölkədə internetin məhdudlaşdırılması nəticəsində 20,5 milyard dollardan artıq iqtisadi zərər yaranıb.

Rusiya rəsmiləri internet və mesajlaşma xidmətlərinin məhdudlaşdırılmasını rəsmi olaraq Ukrayna pilotsuz aparatlarının mobil şəbəkələrdən istifadə etməsinin qarşısını almaq zərurəti ilə izah edirlər. Lakin bunun adi vətəndaşların gündəlik həyatına böyük təsiri olub. Elektron ödənişlərdə, peyk naviqasiyasında, bankomatların fəaliyyətində, çatdırılma xidmətlərində, məsafədən iş rejimində, bron sistemlərində və gündəlik ünsiyyətdə ciddi problemlər yaranıb.

Buradakı ironik məqam ondan ibarətdir ki, Putin illər boyu texnoloji baxımdan əlaqəli Rusiyanı modernləşmənin və milli gücün simvolu kimi təqdim edib, indi isə təhlükəsizlik adı altında həmin bağlılığı özü zəiflətməyə başlayıb. Əgər Ukrayna müharibəsi internet məhdudiyyətləri üçün sadəcə bəhanə deyilsə, bu vəziyyət münaqişənin Rusiya daxilində gündəlik həyata nə qədər mənfi təsir etdiyini nümayiş etdirir. Bir araşdırma göstərib ki, son dövrlərdə internetin daha tez-tez kəsildiyi regionlarda sorğuda iştirak edən ruslar müharibənin davamından çox, sülh danışıqlarının başlanmasını dəstəkləməyə meyillidirlər.

Sorğular göstərib ki, ruslar internetə nəzarəti əsas narahatlıq mənbəyi hesab edirlər və bu məsələ hətta Ukrayna dronlarının hücumlarından daha ciddi təhlükə kimi qiymətləndirilir. Əvvəlki senzura formalarını müəyyən yollarla keçmək mümkün idisə, rabitənin özünün pozulması müasir həyatı demək olar ki, mümkünsüz edir. Ola bilsin ki, Putin bunu tam anlamır, çünki yayılan məlumatlara görə, o internetdən istifadə etmir və smartfona sahib deyil.

Putinin təcridi və yaxın çevrəsində artan parçalanma

Putin getdikcə daha çox təcrid olunur ki, bu da fərdi hakimiyyət modelinə əsaslanan rejimlər üçün tipik inkişaf xəttidir. Bildirilir ki, Putin sui-qəsd və ya dövlət çevrilişi təhlükəsi qorxusundan həftələrlə yeraltı bunkerdə gizlənib. Qərbdə dövlət çevrilişi ilə bağlı gözləntilər daha çox arzu xarakteri daşısa da, Putin olduqca mürəkkəb mərhələyə daxil olub.

İstənilən diktaturanın dayağı olan elitalar arasında narazılıq artır və təhlükəsizlik strukturları ilə mülki elitalar arasında açıq parçalanma müşahidə olunur. Xüsusilə mülki elitaların Putindən narazılığı artır və məlumatlara görə, internet üzərində nəzarətin sərtləşdirilməsi ilə bağlı iki qrup arasında fikir ayrılığı daha da dərinləşir.

Kremlin mətbuat katibi Dmitri Peskov və prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Putini bu qədər sərt internet məhdudiyyətlərindən çəkindirməyə çalışıblar. Onlar bunun ictimai narazılığa səbəb ola biləcəyindən ehtiyat ediblər, lakin cəhdlər nəticəsiz qalıb. Hətta Kiriyenko, özü üçün qeyri-adi şəkildə, açıq bəyan edib: “Hər şeyi qadağan etmək mümkün deyil”.

Lakin Putin əsasən təhlükəsizlik blokunun nümayəndələrinə qulaq asır. Onun ətrafında Putinə eşitmək istədiyini deyən hərbi generallar var. Onlar Donbasın ilin sonunadək tam nəzarətə götürüləcəyini və internet məhdudiyyətlərinin “zəruri pislik” olduğunu bildirirlər.

Bu, müəyyən mənada dövlət sorğularında müşahidə olunan qeyri-adi reytinq azalmasını da izah edə bilər. Müəllif hesab edir ki, mülki rəhbərlik internet blokadasının yanlış addım olduğuna dair siqnal verməyə çalışır. Bununla belə, Federal Təhlükəsizlik Xidməti daxilində sərt xətt tərəfdarları mövqelərindən geri çəkilmirlər.

Lakin bu siyasət hakimiyyətin öz əleyhinə işləyə bilər. Müasir dövrdə uğurlu avtoritar rejimlər çox vaxt məhdud rəqəmsal açıqlığa dözümlü yanaşırlar, çünki effektiv idarəetmə əhalinin siyasi passivliyini qorumağa imkan verir. Ancaq Kremlin insanların gündəlik vərdişlərinə müdaxilə etməsi, məhz qarşısını almağa çalışdığı narazılığı daha da gücləndirə bilər. Bu isə Rusiyada vəziyyətin hakimiyyətin göstərmək istədiyi qədər sabit olmadığını göstərən növbəti əlamət kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
45
50
poliqon.info

10Mənbələr