AZ

Elmir Həbibullayev: “Sea Breeze”də iki mindən çox daşınmaz əmlak obyekti ABB ilə müştərək ipoteka proqramı çərçivəsində satın alınıb

Bakı, 26 may, AZƏRTAC

ABB bankı ilə “Sea Breeze” kurort şəhəri arasındakı əməkdaşlıq maliyyə ekosisteminin böyük bir inkişaf layihəsi ətrafında necə qurulacağına və daşınmaz əmlak alıcıları üçün yeni maliyyələşdirmə vasitələri yarada biləcəyinə dair nümunə oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə ABB bankı İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.

O izah edib ki, bankın layihə ilə əməkdaşlığı kurortun inkişafının erkən mərhələsində, ipoteka maliyyələşdirməsi potensialının tanındığı zaman başlayıb.

“Hər şey kiçik ipoteka layihələri ilə başladı, lakin sonradan biz “Sea Breeze” komandası ilə birlikdə tamhüquqlu maliyyə ekosistemini yaratmaq imkanını gördük”, - deyə Həbibullayev qeyd edib.

O vurğulayıb ki, bu, yalnız bank xidmətləri göstərməklə deyil, həm də hərtərəfli müştəri xidməti modelinin hazırlanması ilə bağlıdır.

Sədr müavininin sözlərinə görə, bu günə qədər iki mindən çox alıcı birgə hazırlanmış ipoteka həllərindən istifadə edərək “Sea Breeze”də mənzil və ev alıb. Bank rəhbərliyi bu təcrübəni uğurlu bir nümunə kimi qiymətləndirir və oxşar maliyyə məhsullarının Azərbaycandan kənarda da miqyaslandırılması imkanlarını araşdırır.

Ölkənin ən böyük bankı olan ABB-nin layihənin inkişafını dəstəkləməyə və yeni maliyyə həllərinin yaradılmasında iştirak etməyə davam etdiyini vurğulayan E. Həbibullayev əlavə edib ki, etimad və tərəflər arasında əməkdaşlığın ardıcıl genişlənməsi uzunmüddətli tərəfdaşlıqda əsas amillər olub.

“Sea Breeze” biznes, maliyyə sektoru və infrastrukturun inkişafı arasında müasir qarşılıqlı əlaqə modelinin yarandığı genişmiqyaslı layihə nümunəsidir”, -deyə bankın nümayəndəsi bildirib.

Müxbir – Pərvanə Qafarova
Foto – İlqar Cəfərov
Video – İlham Nadirov
Seçilən
50
1
azertag.az

2Mənbələr