ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ərzaq balansının hazırlanması üçün tələb olunan məlumatları vaxtında təqdim etməyən şəxslərə qarşı inzibati məsuliyyət tədbirləri sərtləşdirilir.
Gununsesi.info-nun məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 447-1-ci maddədə öz əksini tapıb.
Təklif olunan dəyişikliklərə əsasən, fermer və tədarükçülər kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü, həmçinin məhsulların saxlanıldığı soyuducu anbarlar, taxıl elevatorları və yetişdirildiyi istixanalar barədə aylıq məlumatları müəyyən olunmuş müddətdə informasiya sisteminə daxil etmədikdə cərimə olunacaqlar. Bu halda fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 500 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulur.
Layihədə həmçinin qeyd edilir ki, aidiyyəti dövlət qurumunun yazılı müraciəti əsasında ərzaq balansının tərtibi üçün tələb olunan məlumatlar 15 iş günü ərzində təqdim edilməzsə, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat cərimə ediləcəklər.
Sənədə görə, eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsi zamanı cərimələrin məbləği artırılır. Belə ki, təkrar pozuntuya yol verən fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ilə üzləşəcəklər.
Elmar
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.