Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata əsasən, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov Şura üzvlərinə Agentliyin fəaliyyət sahələri, aktiv məşğulluq proqramları, aparılan islahatlar, rəqəmsal layihələr, qurumun builki hədəfləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Agentlik tərəfindən əmək bazarında müşahidə olunan dəyişikliklər və çağırışlar diqqətlə izlənir, tendensiyalara adekvat reaksiyalar verilir, innovativ yanaşmalar tətbiq olunur.
Agentliyin fəaliyyətinə ictimai nəzarətin təmin olunması baxımından İctimai Şura üzvləri və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İctimai Şuranın sədri Elşad Məmmədov məşğulluğun təminatının dövlətin sosial siyasətinin ən vacib elementlərindən olduğunu deyib və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yaxından izlədiklərini qeyd edib. O, əmək bazarınının daim dəyişən çağırışlarına, baş verən transformasiyalara Agentliyin çevik reaksiya verməsinin önəmini qeyd edib.
Həmçinin şuranın üzvləri Zülfiyyə Nuriyeva, İradə Rizazadə, Rey Kərimoğlu, Aslan Əzimzadə aktiv məşğulluq proqramları barədə fikirlərini bölüşüblər. Görüşdə İctimai şura üzvlərinin rəy və təklifləri dinlənib, sualları cavablandırılıb və məşğulluğun təminatı sahəsində görülən işlər müzakirə edilib.