Ermənistanda seçki kampaniyası fonunda keçmiş prezident Robert Köçəryan baş nazir Nikol Paşinyana qarşı növbəti dəfə sərt ittihamlar səsləndirib.
Musavat.com xəbər verir ki, “Ermənistan” blokunun lideri Kapan şəhərində keçirilən mitinqdə çıxışı zamanı Paşinyanın siyasətini hədəfə alaraq, ölkənin son illərdə yaşadığı ağır məğlubiyyətlərin səbəbkarı kimi onu göstərib.
Köçəryan bildirib ki, erməni xalqının son onilliklərdə yaşadığı ən böyük faciələrdən biri 44 günlük müharibə və Qarabağın itirilməsi olub. O iddia edib ki, Paşinyanın vaxtilə Qarabağ danışıqlar prosesinin “sıfırlanması” barədə verdiyi mesajlar sonradan Ermənistan üçün dağıdıcı nəticələr yaradıb.
Keçmiş prezidentin sözlərinə görə, Paşinyan uzun illər aparılan vasitəçilik prosesini dağıdıb, Ermənistanın Rusiya ilə münasibətlərini zəiflədib və ölkə daxilində parçalanmanı dərinləşdirib.
Köçəryan hakimiyyəti cəmiyyətdə köhnələr-yenilər, ağlar-qaralar bölgüsü yaratmaqda ittiham edərək, bütün bunların Ermənistan dövlətçiliyinə ciddi zərbə vurduğunu bildirib.
Musavat.com