AZ

Ağ Ev "məxfi protokolu" niyə aktivləşdirdi: Hədəfdə olan Tramp hakimiyyəti kimə ötürəcək

ABŞ cəmiyyətinə prezident Donald Tramp ilə bağlı ötürülən təhlükəsizlik problemlərinə yönəlik mesajlar daha genişmiqyaslı prosesin tərkib hissəsi kimi görünür... Ona görə də, ABŞ-dakı hər hansı ölkədaxili destabilizasiya riski beynəlxalq bazarlarda və qlobal təhlükəsizlik arxitekturasında olduqca ciddi "zəncirvari reaksiyalar" doğura bilər...

ABŞ prezidenti Donald Trampa qarşı təhlükələr Ağ Evi “fövqəladə idarəetmə rejimi”nə keçid ssenariləri hazırlamaq məcburiyyətində buraxıb. Belə ki, son vaxtlar Ağ Ev sahibi Donald Trampın ətrafında baş verən hadisələr ABŞ-ın təhlükəsizlik sistemində ciddi təşviş yaradıb. Və xüsusilə də, Ağ Ev yaxınlığında baş vermiş silahlı insidentlər ABŞ Ədliyyə Nazirliyi tərəfindən “prezidentə qarşı mümkün sui-qəsd cəhdi” kimi qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, belə silahlı insidentlər ABŞ siyasi dairələri tərəfindən artıq sıradan kriminal hadisə deyil, məhz milli təhlükəsizlik problemi kimi qəbul olunur. ABŞ Federal Məhkəməsinə təqdim edilmiş vəsatətdə isə son bir ay ərzində prezident Donald Trampa qarşı ikinci dəfə sui-qəsd cəhdinin edildiyi vurğulanıb. Və bu, birmənalı şəkildə hazırda ABŞ-ın siyasi sistemində real təhlükə səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.

Maraqlıdır ki, bu məsələnin ən diqqətçəkən tərəfi də ondan ibarətdir ki, indi yaranmış situasiya artıq yalnız ölkədaxili siyasi gərginlik çərçivəsində qiymətləndirilmir. Əksinə, bütün bu silahlı insidentlər bir-birinə paralel şəkildə beynəlxalq geopolitik qarşıdurmalar, xüsusilə də, Yaxın Şərq savaşı çərçivəsində ABŞ prezidentinə geostrateji düşmənçilik kimi izah olunur. Və ABŞ siyasi elitası prezident Donald Trampın həyatına real təhlükənin mövcud olduğu ilə bağlı ortaq qənaətə gəlmiş kimi görünür.

Məsələ ondadır ki, Ağ Evdə İran parlamentində prezident Donald Trampa qarşı dini fətvanın icrası müqabilində mükafatın ayrılması təşəbbüsünün gündəmə gətirilməsinə ciddi yanaşmağa başlayıblar. Hər halda, bu təşəbbüs ABŞ siyasi dairələri üçün prezident Donald Trampın mühafizəsi ilə bağlı yeni təhlükəsizlik dilemması yaradıb. Və bu barədə qarşı tərəfdən verilən müxtəlif açıqlamalar faktiki olaraq, siyasi-ideoloji səfərbərlik mesajı kimi qiymətləndirilir.

Məsələ ondadır ki, rəsmi Tehran birbaşa dövlət səviyyəsində sui-qəsd çağırışı edildiyini qəbul etməsə də, İran daxilində bəzi radikal siyasi dairələrin prezident Donald Trampa qarşı “intiqam ritorikası” müşahidə olunur. Üstəlik, bu, həm də Yaxın Şərqdə onsuz da yüksək olan hərbi-siyasi gərginliyi daha da artırır. Və bu baxımdan, Ağ Evdə hesab edirlər ki, prezident Donald Tramp Yaxın Şərqdə müəyyən siyasi-ideoloji qruplaşmalar tərəfindən əsas “strateji düşmən simvolu” kimi hədəfə alınıb.

Təbii ki, Ağ Ev rəsmisi Sebastian Gorkanın ABŞ siyasi sistemində təhlükəsizlik problemləri barədə son açıqlamaları da məhz bu kontekstdə böyük maraq doğurur. Belə ki, onun dediyinə görə, Ağ Ev sahibi Donald Tramp ikinci prezidentlik dövründə mümkün fövqəladə vəziyyətlər üçün vitse-prezident Ceyms Devid Vensə ünvanlı xüsusi təlimatlar hazırlayıb. Və həmin təlimatlardan sonra Ağ Evdə hakimiyyətin davamlılığını təmin etməli olan "məxfi protokollar" artıq aktiv vəziyyətə gətirilib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın siyasi idarəçilik tarixində “hakimiyyətin davamlılığı” sistemi əslində, qətiyyən yeni preventiv mexanizm deyil. Ancaq həmin mexanizmin indi bu qədər açıq şəkildə ictimai müzakirəyə çıxarılması Ağ Evin real təhlükə ehtimalını olduqca yüksək qiymətləndirdiyini göstərir. Və bu, əslində, həm də ABŞ daxilində siyasi qütbləşmənin artıq təhlükəsizlik böhranına çevrilmək üzrə olduğunun ciddi əlamətlərindən biri də hesab edilir.

Məsələ ondadır ki, Yaxın Şərq savaşına paralel olaraq, son illərdə ABŞ-da siyasi zorakılıq halları sürətlə artıb. Belə ki, hazırda baş verənlər ABŞ cəmiyyətində siyasi parçalanmanın artıq yalnız ideoloji müstəvidə deyil, həm də şəxsi qarşıdurma formasında da dərinləşdiyini göstərir. Və indi isə prezident Donald Trampın ətrafında yaranmış təhlükəsizlik böhranı bu tendensiyanın daha təhlükəli mərhələyə keçməkdə olduğunu biruzə verir.

Digər tərəfdən, bu proseslərin kifayət qədər ciddi geopolitik nəticələrinin ola biləcəyi də qətiyyən istisna deyil. Belə ki, əgər, Ağ Ev Yaxın Şərq mənbəli təhlükələri rəsmi şəkildə prioritet təhlükəsizlik probleminə çevirərsə, ABŞ-ın bu region üzrə strategiyasında yeni sərtləşmə mərhələsi başlaya bilər. Və bu isə həm Yaxın Şərqdəki hərbi böhrana, həm də Körfəz üzrə geopolitik balans sisteminə də birbaşa təsir göstərə biləcək önəmli faktordur.

Eyni zamanda, ABŞ daxilində prezident Donald Trampa qarşı təhlükələrin artması Ağ Ev administrasiyasını Yaxın Şərq savaşına yönəlik daha sərt qərarlar verməyə sövq edə bilər. Çünki ABŞ siyasi dairələri belə situasiyalarda adətən, ölkədaxili təhlükəsizlik təhdidlərini çox vaxt "xarici düşmən" faktorları ilə əlaqələndirməyə üstünlük verir. Və dərhal hədəfə alınmış "xarici düşmənə" qarşı geopolitik təzyiq mexanizmlərini sərtləşdirərək, genişləndirir.

Bütün bunlara paralel olaraq, ABŞ-da ölkə prezidentinə qarşı mümkün "sui-qəsd ssenariləri"nin açıq şəkildə müzakirə olunması qlobal maliyyə və siyasi sistemində də narahatlıq yaradır. Çünki məhz ABŞ qlobal siyasi sistemin əsas dayaqlarından biridir. Və ona görə də, ABŞ-dakı hər hansı ölkədaxili destabilizasiya riski beynəlxalq bazarlarda, eləcə də, qlobal təhlükəsizlik arxitekturasında "zəncirvari reaksiyalar" doğura bilər.

Xüsusilə də NATO daxilində ABŞ-ın hərbi-siyasi liderliyinin zəifləmə ehtimalı Ağ Evin qlobal müttəfiqlərini əlavə təhlükəsizlik hazırlıqlarına məcbur edə bilər. Bu baxımdan, əslində, prezident Donald Tramp ətrafında yaranmış təhlükəsizlik problemi yalnız bir dövlət liderinin şəxsi mühafizə məsələsi deyil. Və ABŞ cəmiyyətinə prezident Donald Tramp ilə bağlı ötürülən təhlükəsizlik problemlərinə yönəlik mesajlar daha genişmiqyaslı prosesin tərkib hissəsi kimi görünür.

Belə anlaşılır ki, bu proses artıq ABŞ daxilində hakimiyyətin davamlılığı, dövlət institutlarının dayanıqlığı və Ağ Evin qlobal liderlik imkanları ilə bağlı geostrateji müzakirələrin əsas predmetinə çevrilir. Bu baxımdan, prezident Donald Tramp ətrafında baş verənlər yaxın vaxtlarda həm ABŞ daxili siyasətinin, həm də qlobal geopolitik balansın əsas müəyyənedici faktorlarından biri kimi daha ön plana çıxa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
86
50
musavat.com

10Mənbələr