"Turan Tovuz"un mərkəz müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb və ABŞ, Meksika, Kanadanın ev sahibliyi edəcəyi DÇ-2026-da çıxış edəcək.
Fanat.Az xəbər verir ki, bu dəvət Azərbaycan Premyer Liqası təmsilçisinə həm böyük imic, həm də ciddi maliyyə qazancı gətirəcək.
FİFA-nın rəsmi "Klublara Fayda Proqramı" çərçivəsində turnirə futbolçu göndərən klublara hər oyunçu üçün günlük təxminən 11 000 ABŞ dolları ödənilir. Panama qrup mərhələsində mübarizəni dayandırsa belə, Tovuz klubu Millerə görə ən azı 250 000 dollar (təxminən 425 000 AZN) kompensasiya alacaq.
Əgər Panama yığması pley-off mərhələsinə adlasa, turnirdə qalma müddəti uzanacağı üçün bu məbləğ daha da artacaq. Qaydalara əsasən, vəsait oyunçunun son 2 ildə çıxış etdiyi klublar arasında qeydiyyatda olduğu ayların sayına mütənasib bölünür. Miller 2023-cü ildən bəri fasiləsiz olaraq "Turan Tovuz"da oynadığı üçün FİFA-nın ayıracağı bu böyük məbləğin demək olar ki, hamısı birbaşa qərb təmsilçisinin büdcəsinə köçürüləcək.
Kamil Xudiyev