Yay istilərində insanların əksəriyyəti susuzluğu su ilə aradan qaldırmağa çalışsa da mütəxəssislər bəzi hallarda südün orqanizmi daha uzun müddət nəmləndirə bildiyini bildirir.
Day.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, südün tərkibindəki zülal, yağ və təbii şəkərlər mayenin bədəndə daha uzun saxlanmasına kömək edir.
Araşdırmalara əsasən, süd və bəzi idman içkiləri adi sudan daha effektiv hidratasiya təmin edir. Bunun səbəbi südün tərkibində natrium kimi elektrolitlərin olmasıdır. Mütəxəssislər xüsusilə fiziki fəaliyyətdən sonra südün faydalı ola biləcəyini qeyd edirlər.
Bununla yanaşı, süd hər kəs üçün uyğun deyil. Laktoza həssaslığı olan insanlarda həzm problemləri yarana bilər. Həkimlər vurğulayır ki, su yenə də gündəlik maye ehtiyacının əsas mənbəyi olaraq qalmalıdır və isti havalarda ən təhlükəsiz seçim hesab edilir.