iPhone 21-in necə olacağı bilindi
“Apple”ın 2028-ci ildə təqdim etməyi planlaşdırdığı iPhone 21 modeli ilə bağlı ilk detallar məlum olub.
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış insayder Min-Çi Ko “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, “Apple” artıq iPhone 21 üzərində işləyir. İnsayderin sözlərinə əsasən, cihazın əsas yeniliklərindən biri tamamilə yeni soyutma sistemi olacaq. Bu texnologiya smartfonun həm performansını artıracaq, həm də daha yüksək keyfiyyətli kameranın istifadəsinə imkan verəcək.
Bildirilir ki, yeni modeldə COB (Chip On Board) adlı yarımkeçirici texnologiyasından istifadə olunacaq. Bu sistemdə lövhələr ənənəvi lehimləmə üsulu əvəzinə xüsusi naqil bağlantıları ilə birləşdirilir. Nəticədə istiliyin daha effektiv şəkildə idarə olunacağı qeyd edilir.
Min-Çi Ko iddia edir ki, məhz qızma riski səbəbindən indiyədək “Apple” smartfonlarında kamera imkanları 48 meqapiksel ilə məhdudlaşdırılıb. Yeni soyutma texnologiyası sayəsində isə şirkət tarixində ilk dəfə 200 meqapiksellik kamera istifadəsi mümkün ola bilər.
Bundan əlavə, iPhone 21-in ilk dəfə 8K video çəkilişini dəstəkləyəcəyi bildirilir.
Qeyd edək ki, daha əvvəl “Stuff” portalı iPhone 5 modelini “Apple” tarixinin ən uğurlu smartfonu adlandırmışdı. Nəşr cihazın fərqli dizaynını, Retina ekran texnologiyasını və LTE dəstəyini əsas üstünlüklər kimi göstərmişdi.
İsmayıl
Demokrat.az