AZ

“Bitcoin” bazarında sərt eniş

“Bitcoin” bazarında satış təzyiqi güclənməkdə davam edir. Dünyanın ən böyük kriptovalyutası son günlərdə kəskin ucuzlaşaraq 73 min dollar həddinə qədər geriləyib

VAXT.AZ “The Economic Times”a istinadən xəbər verir ki, “Bitcoin” gün ərzində 73 332 dollar səviyyəsini test edib. Analitiklər bildirirlər ki, bazardakı zəifləmənin arxasında üç əsas risk faktoru dayanır.

***

Ekspertlərin fikrincə, ən böyük sistem risklərindən biri bazarda iri korporativ oyunçuların həddindən artıq dominant mövqeyidir.

Əvvəllər “MicroStrategy” adı ilə tanınan “Strategy” şirkəti hazırda 844 mindən çox “Bitcoin” saxlayır. Bu isə ümumi “Bitcoin” təklifinin təxminən 4%-nə bərabərdir.

Şirkət rəhbərliyinin son açıqlamalarında aktivlərin bir hissəsinin satıla biləcəyinə dair siqnallar verməsi bazarda ciddi narahatlıq yaradıb. Bu xəbərdən sonra “Leverec” (leverage) əməliyyatlarında çoxsaylı “stop-loss” əmrlərinin işə düşdüyü bildirilir.

İnvestorlar hesab edirlər ki, belə həcmdə korporativ satış bazarda güclü dalğalanmaya səbəb ola bilər.

***

“Bitcoin”in 2026-cı ilin əvvəlində 80 min dolları keçməsində mühüm rol oynayan ETF fondlarında da vəziyyət dəyişib.

ABŞ-də fəaliyyət göstərən “Bitcoin” ETF-lərinə aprel ayında 2,44 milyard dollar həcmində vəsait daxil olmuşdu. Lakin may ayının son iki həftəsində həmin fondlardan 2,5 milyard dollardan çox kapital çıxışı qeydə alınıb.

Analitiklərin sözlərinə görə, bu proses investorların risk iştahasının zəiflədiyini göstərir.

Eyni zamanda ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi investorların daha təhlükəsiz aktivlərə yönəlməsini sürətləndirib.

***

Son aylarda “S&P 500” indeksi yeni rekordlar yeniləsə də, “Bitcoin” eyni performansı göstərə bilmir.

Əvvəllər kriptovalyuta bazarı ilə fond indeksləri arasında müəyyən korrelyasiya müşahidə olunsa da, hazırda bu əlaqənin zəiflədiyi bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, qlobal likvidliyin azalması və geosiyasi risklərin artması kripto bazarına daha güclü təsir edir. Bu isə investorların alternativ maliyyə alətlərinə yönəlməsinə səbəb olur.

Bazar iştirakçıları hesab edir ki, yaxın həftələrdə həm ABŞ Federal Ehtiyat Sisteminin siyasəti, həm də iri investorların davranışı “Bitcoin”in növbəti istiqamətini müəyyənləşdirəcək.

Seçilən
35
vaxt.az

1Mənbələr