Siçanlardan qurtulmağın dərmansız üsulları açıqlandı
Bağ sahəsində siçanları zəhərlə təmizləməyə çalışmaq həm ev heyvanları, həm də məhsul üçün ciddi təhlükə yaradır. "Rusiya Bağbanları" ictimai birliyinin sədri Andrey Tumanov gəmiricilərdən təhlükəsiz xilas olmağın yollarını açıqlayıb.
Mütəxəssis bildirir ki, torpağa tökülən zəhər yağış suları ilə dərinliyə sızaraq tərəvəzlərin tərkibinə keçə bilər. Həmçinin zəhərlənmiş siçanı yeyən pişiyin də tələf olma riski var. Bu səbəbdən daha "sivil" mübarizə üsullarına üstünlük verilməlidir.
Gəmiriciləri qovmaq üçün ən effektiv üsullar aşağıdakılardır:
Kəskin qoxular: Toz ağacı qətranı (dyoqot) və ya naşatır spirti ilə isladılmış əskini siçan yuvasına yerləşdirib, girişi torpaqla örtmək lazımdır. Bu qoxu gəmiricilərə "meşə yanğını" siqnalını verir və onlar sahəni dərhal tərk edir.
Bitkilərin gücü: Yuvalara sarımsaq budaqları və ya gəndalaş (buzina) zoğları qoymaq olar. Uzunmüddətli qorunma üçün isə ləklərin ətrafında qara paxla və ya kənəvər (kleşevina) əkmək tövsiyə olunur. Bu bitkilərin kökləri torpağa gəmiriciləri qaçıran maddələr ifraz edir.
Tumanov ultrasəs cihazlarına şübhə ilə yanaşır. Onun sözlərinə görə, siçanlar bu səsə cəmi üç günə alışır və hətta bəzən yuvalarını elə həmin cihazların altında qururlar.
Xatırladaq ki, bağlarda zərərvericilərin artdığı mövsümdə ispan ilbizlərinə qarşı mübarizə də vacibdir. Bu ilbizləri ya əllə toplamaq, ya da tərkibində dəmir fosfat olan xüsusi vasitələrdən istifadə etmək lazımdır.
İsmayıl
Demokrat.az