AZ

ABŞ-da Trampın təsviri olan 250 dollarlıq əskinas iddiası

ABŞ-da Trampın təsviri olan 250 dollarlıq əskinas iddiası

ABŞ rəhbərliyinin üzərində Prezident Donald Trampın şəkli olacaq 250 dollarlıq yeni əskinasların çap edilməsi üçün müvafiq qurum rəsmilərinə təzyiq göstərdiyi iddia edilir.

AFN.az xəbər verir ki, ABŞ-ın "Washington Post" qəzetinin adı açıqlanmayan bəzi rəsmilərə istinadən verdiyi xəbərə görə, üzərində Trampın təsviri olacaq əskinaslarla bağlı təşəbbüslər sürətlənib.

Belə ki, Trampın Maliyyə Nazirliyinə təyin etdiyi müşavir Brandon Biç və baş məsləhətçi Mayk Braun üzərində Trampın şəklinin əks olunacağı 250 dollarlıq yeni əskinasların çap edilməsi üçün Poliqrafiya və Oyma Bürosuna müntəzəm olaraq təzyiq göstərirlər.

Buna baxmayaraq, qurum rəsmiləri müvafiq qanunvericiliyə əsasən, əskinasların üzərində yalnız dünyasını dəyişmiş şəxslərin təsvirlərinin yer ala biləcəyini, bu səbəbdən hazırda sağ olan bir prezidentin şəkilindən istifadə edilməsinin hüquqi baxımdan problem yaradacağını bildirirlər.

Əgər sözügedən cəhdlər nəticə verərsə və Trampın təsviri əskinaslara həkk olunarsa, ABŞ tarixində ilk dəfə olaraq sağ olan bir şəxsin şəkli ABŞ dolları üzərində istifadə edilmiş olacaq.

Xəbərdə qeyd olunur ki, Biç ötən ilin avqust və sentyabr aylarında büro əməkdaşlarına üzərində Trampın şəkli olan əskinas layihələrini təqdim edib.

Bu layihələrdən birində 250 dollarlıq əskinasın mərkəzində Prezident Trampın siması, Prezidentin və Maliyyə naziri Skott Bessentin imzalarının arasında yer alıb.

Dizaynı hazırlayan britaniyalı rəssam İan Aleksander mövzu ilə bağlı "Washington Post" qəzetinə verdiyi açıqlamada layihənin Tramp tərəfindən bəyənildiyini və təsdiqləndiyini bildirib.

Aleksander Trampın Amerika bayrağının rəngləri və ölkənin qurulmasının 250 illiyini əks etdirən loqonun əlavə edilməsi kimi ilkin dizayndakı dəyişiklikləri təsdiqlədiyini qeyd edib.

Maliyyə naziri Skott Bessent isə Ağ Evdə keçirdiyi brifinqdə mövzu ilə bağlı sualları cavablandırarkən nazirliyin yalnız ilkin hazırlıqlar gördüyünü bəyan edib.

Bessent Konqresdə artıq bu istiqamətdə bir qanun layihəsinin olduğunu və onun qəbul edilməsi ehtimalına qarşı ilkin hazırlıq apardıqlarını qeyd edib.

Amerikalı nazir hər şeyin Konqresin əlində olduğunu vurğulayaraq, rəhbərlik etdiyi qurumun qanun layihəsinin qəbul edilməsi ehtimalına hazırlaşdığını, lakin nazirliyin qanunlara mütləq riayət edəcəyini bildirib.

Bununla yanaşı, Bessent ölkənin 250 illiyini qeyd edən əskinasda fəaliyyətdə olan şəxsin şəklinin yer almasını qeyri-münasib hesab etmədiyini vurğulayıb.

Qeyd edək ki, ölkənin 250 illik yubileyini qeyd etmək məqsədilə ötən il Konqresə təqdim edilən və Trampın təsvirinin 250 dollarlıq əskinasda yer almasını nəzərdə tutan qanun layihəsi həmin dövrdə baş verən müzakirələrdən sonra təxirə salınmışdı.

Seçilən
20
afn.az

1Mənbələr