AZ

Pentaqon: Trampın Çinə səfərindən sonra ABŞ-ın Tayvanla bağlı mövqeyi dəyişməyib

BAKI, 30 may. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset Donald Trampın Pekinə səfərindən sonra Vaşinqtonun Tayvan məsələsində mövqeyinin dəyişmədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı danışıb.

"Mən Pekində keçirilən görüşlərdə iştirak etmişəm və deyə bilərəm ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır", - deyə Pentaqon rəhbəri vurğulayıb.

Pit Heqset əlavə edib ki, Tayvana gələcək silah satışları ilə bağlı istənilən qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcək.

Qeyd edək ki, Tramp daha əvvəl Çin Prezidenti Si Cinpinlə Tayvana 14 milyard dollar dəyərində Amerika silahlarının mümkün satışı məsələsini müzakirə etdiyini açıqlamışdı. ABŞ lideri həmin razılaşma ilə bağlı yekun qərarın hələ qəbul edilmədiyini bildirmişdi.

O, həmçinin Tayvanın materik Çindən ayrılmaq qərarı verməsi səbəbindən ABŞ-nin Çinlə müharibəyə cəlb olunmasını istəmədiyini qeyd etmişdi.

Daha sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hanq Kao Tayvana silah satışı məsələsinin İranla müharibə üçün silahlara ehtiyac yarandığından müvəqqəti olaraq dayandırıldığını bildirmişdi.

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekin adanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir. ABŞ isə "vahid Çin" siyasətini tanısa da, Tayvan administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah tədarük edir.

Seçilən
71
teleqraf.com

1Mənbələr